Advertisement

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ

Bakı. Trend:

PAŞA Holding öz ekosistem strategiyası çərçivəsində
genişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir,
mütərəqqi biznes sahələrini araşdırır və eyni zamanda mövcud
sahələrin təkmilləşdirilməsi üzərində işləyir. Bu sahələrdən biri
də taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

2023-cü ildə PAŞA Holding Ukraynanın Uklon şirkəti ilə
əməkdaşlığa başlamışdır. Birgə tərəfdaşlıq zamanı taksi biznesinin
ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə
ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması
baxımından faydalılığı müşahidə olundu. Ekosistemin bir hissəsi
olan Umico ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbət
qarşılandı.

Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin cari
müştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həll
yolları axtarır.

“Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək
istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat
sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən
keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə
tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli
təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, – holdinqin mətbuat
xidmətindən bildirilib. Beləliklə, yaxın zamanda ölkədə Uklon
xidməti fəaliyyətini dayandıracaq.