
Bakı. Trend:
Azərbaycan-Rusiya münasibətlərinin hazırkın səviyyəsi onların
strateji xarakterinin göstəricisidir.
Bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun
(Rusiya) baş direktoru İqor Korotçenko deyib.
“Hazırda Rusiya-Azərbaycan münasibətləri müstəsna olaraq uğurla
inkişaf edir. Bu, siyasət, iqtisadiyyat və regionlararası
əməkdaşlığa aiddir. Bütünlükdə iki ölkənin münasibətlərinin əsas
təməlini, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
tərəfindən 2022-ci ildə imzalanmış müttəfiqlik münasibətləri
haqqında bəyannamə təşkil edir.
Bu, hazırda Rusiya-Azərbaycan münasibətlərinin təməlində duran
əsas sənəddir. Münasibətlərin hazırkı səviyyəsi bunun, həqiqətən,
strateji, müttəfiq və tərəfdaş münasibətləri olduğunu deməyə imkan
verir”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu gün Moskva və Bakı arasında
ticari-iqtisadi əməkdaşlıq aktiv şəkildə inkişaf edir.
“Bu planda qarşıda bir o qədər möhtəşəm perspektivlər, o
cümlədən, Rusiyanın şirkət və təşkilatlarının Qarabağın bərpasında
mümkün iştirakını görürük. Fikrimcə, Rusiyanın biznes
nümayəndələrindən bu möhtəşəm proqramda iştirak etmək istəyən
çoxdur. Şübhəsiz ki, bu, hamının yalnız xeyrinə olacaq”, – deyə
Korotçenko vurğulayıb.
O, publik və ictimai diplomatiya, ekspert əlaqələri sahəsində
münasibətlərin də aktiv şəkildə inkişaf etdiyini qeyd edib.
“Bu planda, əlbəttə, bir daha vurğulamaq lazımdır ki, bu gün
beynəlxalq səviyyədə nüfuzlu oyunçu olan Azərbaycanın Rusiyanın
gözündə dəyəri, şübhəsiz, daimi olaraq qalır. Əlbəttə ki, Prezident
İlham Əliyev və Prezident Vladimir Putinin zamanla və belə desək,
dünyadakı çox mürəkkəb müasir vəziyyətdə sınanmış şəxsi
münasibətləri bizdə qarşılıqlı hörmət hissinin olduğunu və
münasibətlərimizin inkişafının hər iki xalqın xeyrinə olacağını
deməyə əsas verir”, – o deyib.
Cənubi Qafqazda hazırkı vəziyyətdən danışan Korotçenko bu gün
regionda yeni reallıqların formalaşdığını qeyd edib.
“Bunlar ötən ilin sonunda Azərbaycanın antiterror əməliyyatları
zamanı öz ərazi bütövlüyünü və suverenliyini bütünlüklə bərpa
etməsindən ibarətdir. Qarabağdakı separatçı rejim isə özünü
buraxdı. Nəticədə, Qarabağda yaşayan erməni əhali Azərbaycan
cəmiyyətinə reinteqrasiya etmək əvəzinə, könüllü olaraq Ermənistana
getməyə qərar verdi.
Bu, onların şəxsi, azad və könüllü seçimi idi. Bununla əlaqədar
olaraq, baş verən dəyişiklikləri qeydə alaraq, bu gün Rusiyanın
sülhməramlı kontingentinin Qarabağdan çıxarılması həyata keçirilir.
Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli üçtərəfli
bəyanata əsasən, üzərlərinə qoyulmuş bütün funksiyaları
dürüstcəsinə və ləyaqətlə yerinə yetirdi. Bu gün onlar Rusiyaya
gedirlər. Azərbaycan isə Qarabağda təhlükəsizlik və hərbi
təhlükəsizlik məsələləri ilə bütünlüklə özü məşğul olacaq”, – deyə
o əlavə edib.
Korotçenko bu gün Qərb aktorlarının, ilk növbədə Ermənistanda
möhkəmlənməyə çalışan ABŞ, Fransa və bütünlükdə Avropa İttifaqının
(Aİ) aktiv təsirinin müşahidə olunduğunu vurğulayıb.
“Bunlar həm də aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri
Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der
Lyayen və ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin
iştirakı ilə keçirilən danışıqlardır. Lakin Ermənistanı Cənubi
Qafqazda NATO-nun maraqlarından çıxış edəcək “Troya atı”na çevirmək
cəhdləri artıq yeni reallıqdır.
Regiondan kənar aktorların məqsəd və vəzifələri regionda
vəziyyətin destabilizasiyası, eləcə də, Azərbaycan və Ermənistan
arasında ədalətli şərtlərdə sülh sazişi imzalamağa imkan verməmək
cəhdləridir. Qərbin praktik siyasəti belədir”, – o deyib.
Ekspertin fikrincə, xüsusən Fransa tamamilə məsuliyyətsizcəsinə
Ermənistanı yeni hərbi təxribatlara təhrik etməklə destruktiv
fəaliyyət göstərir.
“Bundan başqa, fransalılar və amerikalılar artıq Ermənistan
ordusu üçün öz silahlarını tədarük etməyə başlayıb. Bu, həmçinin,
regionun mühitinə və gələcəyinə olduqca mənfi təsir göstərəcək. Bu
planda, əlbəttə, düşünürəm ki, İrəvan və Bakı arasında vaxtilə
Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş sülh prinsiplərinə
dair beş şərtdə sülh sazişinin ən qısa zamanda imzalanmasına imkan
yaratmaq məqsədilə Azərbaycan və Ermənistan arasında obyektiv və
dürüst vasitəçi olaraq çıxış etmək Moskva üçün son dərəcə
vacibdir”, – Korotçenko deyib.
“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin Rusiya üçün
əhəmiyyətini qeyd edən Korotçenko Qərbin genişmiqyaslı
sanksiyalarına məruz qalan Rusiya iqtisadiyyatı üçün bu nəqliyyat
dəhlizinin işləməsinin və dayanıqlı fəaliyyətinin mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
“Bununla yanaşı, Rusiya Ermənistanın Zəngəzur nəqliyyat
dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməsinin
tərəfdarıdır, hərçənd hazırda İrəvanın ABŞ və Fransanın dəstəyilə
bu layihəni həyata keçirməkdən qəti şəkildə imtina etdiyini
görürük, hərçənd bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin
imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu
bəndi ilə nəzərdə tutulub”, – o deyib.
İqor Korotçenko qeyd edib ki, Rusiya və Azərbaycan məsuliyyət
daşıyan ölkələr olaraq Cənubi Qafqazda təhlükəsizlik və sabitlik
məsələləri ilə əlaqədar mənfi tendensiyalarla mübarizə aparmağın
lazım olduğunu çox gözəl bilirlər.
“Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti
Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl Rusiyanın Cənubi
Qafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını
vurğulayıb. Əlbəttə ki, fikrimcə, bu baxımdan, Cənubi Qafqazda
maraqları olan ən azı dörd ölkənin sıx koordinasiyası
zəruridir.
Bunlar NATO-nun tamhüquqlu hərbi bazalarının Ermənistan
ərazisində yerləşdirilməsinə mane olmaq və qarşısını almaq
məqsədilə Rusiya, Azərbaycan, Türkiyə, İrandır. Əfsuslar olsun ki,
bu gün hər şey bu istiqamətdə gedir. Nəzərinizə çatdırmaq istərdim
ki, məsələn, İrəvan KTMT-nin fəaliyyətində iştirakını dondurmaqla
yanaşı, həm də Rusiya və Ermənistan arasında müttəfiqlik
əlaqələrinin mahiyyətini də şübhə altına alır. Rusiya sərhədçiləri
artıq Zvartnotsdan çıxarılıb. Görünür, qarşıda Ermənistan
ərazisində Rusiyanın hərbi iştirakının məhdudlaşdırılması üçün də
analoji tədbirlər görüləcək”, – o deyib.
Korotçenkonun fikrincə, bununla əlaqədar olaraq, bütün region
ölkələri mövcud bütün imkanlardan istifadə edərək, Ermənistana izah
etməlidir ki, Qərbin maraqları üçün vasitəçi olmağa dəyməz, çünki
bu, regionda yalnız xaosa səbəb olacaq və Ermənistanın özünün
təhlükəsizliyinə və iqtisadi rifahına olduqca zərərli təsir
göstərəcək.
“Bütünlükdə, təbii ki, biz Rusiyada Kremldəki danışıqları
diqqətlə izlədik. Bir daha ölkəmizin böyük dostu, etibarlı
tərəfdaşı olan Prezident İlham Əliyevin Rusiyaya səfərini
alqışlayırıq. Yeri gəlmişkən, dünən keçirilən tədbirlərdən biri də
Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə yaddaqalan
görüşün keçirilməsi oldu. Məlum olduğu kimi, hazırki Azərbaycan
Prezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini olmaqla Sovet İttifaqının bu ən mühüm infrastruktur
magistral layihəsinin uğurla həyata keçirilməsində əsas rol
oynayıb”, – deyə o əlavə edib.
İqor Korotçenko, həmçinin, qeyd edib ki, bu, müasir dövrün
görkəmli siyasətçisi, Rusiyada rəğbətlə anılan, sevilən, hörmət
edilən və Rusiya dəmiryol nəqliyyatı işçiləri arasında, eləcə də,
dövlət təhlükəsizlik orqanlarının rus əməkdaşları arasında hələ də
böyük nüfuza malik olan Heydər Əliyevə bir daha ehtiramını
bildirmək üçün bir fürsət oldu.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























