
Bakı. Trend:
Almaniya davamlı və ədalətli sülhə nail olmaq yolunda Azərbaycan
və Ermənistanı dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı
səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki səhifəsində
yazıb.
“Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı
quraşdırılıb. Bu, sülhə doğru daha bir görünən addımdır. Biz
davamlı və ədalətli sülhə nail olmaq yolunda tərəfləri
dəstəkləyirik”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası
ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya
ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi
çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert
qruplarının işi davam edir.
Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası
üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün
yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki
ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq
koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.





























