
Bakı. Trend:
Xətai rayonu Lütfizadə küçəsində fəaliyyət göstərən “Kremlin
Hall” şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə
bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji
Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq
Qrupunun əməkdaşları tərəfindən monitorinq və araşdırma
aparılıb.
Xidmətin rəsmisi Qafar Ağayev Trend-ə bildirib ki, aparılan monitorinq və
ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin
miqdarının normadan artıq olduğu müəyyən edilib.
“Araşdırma zamanı sözügedən obyektdə təmizləyici qurğunun
quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi,
filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan
artıq tullantı atıldığı məlum olub. Faktla bağlı “Kremlin Hall”
şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq
tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi
göstəriş verilib”.
Qafar Ağayev qeyd edib ki, ölkə ərazisində son 10 gün ərzində
keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan
ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neptun”,
“Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold
Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə”
ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan
tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində
akt, protokol tərtib olunub.
Q.Ağayev restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə
çağırış edib ki, obyektlərindəki təmizləyici qurğuların texniki
göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya
normadan artıq tullantı atılmasına yol verməsinlər. Əks halda qanun
pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.





























