
Bakı. Trend:
23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris
Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan
Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan
İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyəti”nin və
Abbott şirkətinin birgə təşkilatçılığı ilə “Son mərhələ qaraciyər
xəstəliyi və viral hepatitlər” mövzusunda Elmi konfrans
keçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d.,
əməkdar həkim Ceyhun Məmmədov konfransı açaraq iştirakçıları
salamlayıb və bildirib ki, ölkə təbabəti üçün aktual olan mövzuya
həsr edilmiş bugünkü tədbirdə həm təcrübəli həkimlər, həm də
həkim-rezident və tələbələr iştirak edirlər. Ceyhun Məmmədov deyib:
“Hər il dünyada 1 milyon 400 mindən çox insan viruslu hepatitlərə
görə həyatını itirir. 290 milyondan artıq xəstə hepatitlərdən
əziyyət çəkir, bunlardan təxminən 250 milyonu hepatit B-nin, 40
milyonu isə hepatit C-nin payına düşür. Təəssüf ki, cəmiyyətimizdə
bəzən insanlar viruslu hepatit diaqnozu qoyulanda özlərini narahat
hiss edirlər, bunu gizlətməyə çalışırlar. Halbuki, bu gün hepatit
B-yə qarşı çox effektiv profilaktika – peyvənd mövcuddur, hepatit B
və C-nin müalicəsi də bəllidir, sağalması mümkündür”.
İdarə rəisi Azərbaycanda bu xəstəliklərlə bağlı müxtəlif
istiqamətlərdə aparılan işlərə toxunaraq, Səhiyyə Nazirliyinin
nəzdində yaradılmış və viruslu hepatitlərdən əziyyət çəkən
xəstələrə yardım göstərən, onları dərmanlarla təmin edən xüsusi
komissiyanın fəaliyyətini qeyd edib. Ceyhun Məmmədov deyib:
“Konfransın mövzusu Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə də
sıx bağlıdır, çünki Hospitalın Orqan transplantasiyası şöbəsində
canlı donorlardan qaraciyər və böyrək transplantasiyası
əməliyyatları həyata keçirilir. Bildiyiniz kimi, ən ağır qaraciyər
xəstələri üçün orqan köçürülməsi bəzən son ümid və yeganə çıxış
yoludur. Sevindirici haldır ki, keçən ildən qaraciyər
transplantasiyası İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil
edilib və hazırda bizim Hospitalda tam ödənişsiz icra edilir”.
Sonra salamlama nitqi ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin
Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad
Mahmudov çıxış edib. O deyib: “Bu gün biz bir tibb müəssisəsi
olaraq qürurla deyə bilərik ki, Mərkəzi Gömrük Hospitalı son
mərhələ qaraciyər xəstəliyi və hepatitlərin müalicəsində mühüm
nailiyyətlər qazanıb. Hospitalın Orqan transplantasiyası şöbəsində
ən ağır psixoloji durumda olan xəstələrin və onların ailələrinin
sosial tərəfdən idarə olunması prosesi tənzimlənir, artıq
Hospitalda orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığortanın
xidmətlər zərfi çərçivəsində uğurla icra edilir. Mərkəzi Gömrük
Hospitalının yüksək qiymətə layiq olan bu təcrübələrinin digər tibb
müəssisələri ilə paylaşılması çox mühüm önəm daşıyır və bu iş
hazırda genişlənməkdədir. Yəni Hospitalın əməkdaşları bu sahədə
olan təcrübələrini həm də digər müəssisələrin həkimlərinə
çatdırırlar”.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan
transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah,
transplantoloq Mircəlal Kazımi tədbr iştirakçılarına uğurlar
arzulayıb və əminliyini bildirib ki, konfransın nəticələri onu həm
canlı, həm də onlayn izləyən bütün həmkarlarına faydalı olacaq.
Elmi konfransda yüksək ixtisaslı mütəxəssislər tərəfindən viruslu
hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər
sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom,
qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı
infeksiyalar barədə təqdimatlar edilib, auditoriyanı maraqlandıran
suallar cavablandırılıb.
Mərkəzi Gömrük Hospitalının həkimləri: Cərrahiyyə və Orqan
transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah,
transplantoloq Mircəlal Kazımi “Son mərhələ qaraciyər yetməzliyi:
qaraciyər transplantasiyası”, Efferent terapiya şöbəsinin rəisi,
həkim-nefroloq Mirmənsim Məmmədov “Hepatorenal sindrom” və
həkim-infeksionist Mədinə Abdullayeva “Qaraciyər transplantasiyası
sonrası infeksiyalar”, İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb
Universiteti Bakı Filialının Daxili xəstəliklər kafedrasının
dosenti, t.ü.f.d., həkim-hepatoloq Gülnarə Ağayeva “Viruslu
hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər” və MedEra
hospitalının həkim-infeksionisti Azər Nağıyev “Qaraciyər sirrozunun
diaqnostika və müalicə prinsipləri” mövzusunda çıxış ediblər.
Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında,
distant olaraq isə ZOOM platformasında həyata keçirilib. Elmi
konfransda pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq,
qastroenteroloq və infeksionist ixtisasına malik həkim və
rezidentlər iştirak ediblər. Konfrans 4 DTT balı ilə
qiymətləndirilmişdir.





























