
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
təşkilatçılığı ilə “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris
həftəsinə start verilib.
AzMİU-da Avropa İttifaqının Erasmus+ KA2 proqramının CBHE
“WORK4CE” layihəsi çərçivəsində beynəlxalq dərəcəli professor və
müəllim heyəti tərəfindən dərslər təşkil olunub.
Layihənin ilk günü AzMİU-nun rektoru professor Gülçöhrə
Məmmədova Ukrayna Zaporoje Politexnik Milli Universitetinin
professoru, sözügedən layihənin rəhbəri Galina Tabunshchikin
başçılıq etdiyi İspaniyanın Basq Ölkəsinin Universitetindən
Carolina Cruz, Jon Aretxaga, Belçika Löven Katolik Universitetindən
Peter Arras, Tegoeh Tjahjowidodo, Almaniyanın Dortmund Tədbiqi
Elmlər Universitetinin professoru Dino Schoenberg və Thorsten
Rubendən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə, həmçinin Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru
Pərviz Bağırov, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru
professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri
dosent Fərhad Əliyev, “WORK4CE” layihəsinin koordinatoru İsa
Muradov və layihənin üzvləri Xanlar Qəniyev, Şahmar Rəfili, Kənan
Həsənov, Sərxan Talıbzadə iştirak edib.
Söhbət zamanı layihə ilə bağlı görülən işlər, iştirakçılar
qarşısında qoyulan öhdəliklər, AzMİU-nun layihədəki rolu, gələcək
zəruri addımlar barədə danışılıb. Xüsusilə, universitetlər və
biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi
istiqamətində layihənin faydalı tərəflərinə toxunulub. Həmçinin
görüşdə layihə çərçivəsində AzMİU ilə Almaniyanın Dortmund Tədbiqi
Elmlər Universiteti arasında imzalanacaq ikili diplom
müqaviləsindən də danışılıb.
Görüşdən sonra qonaqlar layihə çərçivəsində yaradılan tədris
auditoriyaları və laboratoriyalar ilə tanış olublar.
Universitetdə təşkil olunan tədris həftəsinin məqsədi Work 4.0
konsepsiyalarının təhsilə inteqrasiyasında Avropa
universitetlərinin təcrübələrini bölüşmək və bu innovasiyaların
Azərbaycan universitetlərinə tədris olunan fənlərarası yanaşmalara
və sənaye əməkdaşlığına diqqət yetirməklə daxil edilməsi üçün
praktiki strategiyalar üzərində müzakirələr etməkdir.





























