
Bakı. Trend:
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.
Trend xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində ötən ilin
sentyabrında Azərbaycanın Qarabağ və ətraf rayonlarının Ermənistan
tərəfindən qanunsuz işğalına son qoyduğunu deyib.
O bildirib ki, sülh üçün ən böyük maneə, yəni, Ermənistanın
Azərbaycan ərazisində qeyri-qanuni hərbi mövcudluğu məsələsi öz
həllini tapıb. E.Əmirbəyov, bununla da iki ölkə arasında sülh
sazişi bağlamaq üçün real və unikal şansların olduğuna inandığını
deyib. O, bildirib ki, iki ölkə heç vaxt sülhə bu qədər yaxın
olmayıb.
E.Əmirbəyov Azərbaycan və Ermənistan arasında delimitasiya
prosesinin başlamağı haqqında da məlumat verib. Onun sözlərinə
görə, bu mövzuda vacib məqamlardan biri də odur ki, bu qərar heç
bir üçüncü kənar tərəfin iştirakı olmadan Ermənistan və
Azərbaycanın birbaşa ikitərəfli iştirakı nəticəsində qəbul
edilib.
“Ermənistan ilk dəfə olaraq torpaqlarımızın işğalına hərbi
əməliyyatlar nəticəsində deyil, diplomatik yollarla son qoyub. Bu,
Ermənistanın və onun Qərb havadarlarının irəli sürdüyü Azərbaycanın
sülh prosesində qalan çətinlikləri güc yolu ilə həll etmək istədiyi
kimi iddialarının əsassız və yalan olduğunu sübut etdi. Biz sülhün
tərəfdarıyıq ”, – deyə Elçin Əmirbəyov qeyd edib.
O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həll
edilməsinin də önəminə toxunub. Ermənistanın hazırkı milli
qanunvericiliyində, o cümlədən konstitusiyasında Qarabağın
Ermənistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildə
Azərbaycana qarşı ərazi iddiası olduğunu deyib: “Ermənistanın
hazırkı milli qanunvericiliyi, o cümlədən onun konstitusiyasında
Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Deməli, bu, doğrudan
da, Azərbaycana qarşı ərazi iddiasıdır. İlk növbədə, hesab edirəm
ki, əgər biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsası
kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına ciddi yanaşırıqsa,
Ermənistan bu məsələni həll etməlidir. Xüsusən də Ermənistanın baş
naziri Nikol Paşinyanın bir çox hallarda Qarabağı Azərbaycanın bir
hissəsi kimi tanıdığını təsdiqləməsindən sonra…”.
Elçin Əmirbəyov Azərbaycanın mövcud fikir ayrılıqlarının sülh
yolu ilə həllinə tam sadiqliyini bir daha təsdiqləyib. Azərbaycanın
iki ölkə arasında danışıqların intensivləşdirilməsinin tərəfdarı
olduğunu vurğulayıb.
“Biz, həmçinin Ermənistanı əmin etmək istərdik ki, sülh sazişini
təşkil edən əsas prinsiplər, yəni, bir-birinin ərazi bütövlüyünün,
suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınması həm də
Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir”, – deyə E.Əmirbəyov
vurğulayıb.
O, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında quru
əlaqəsinin Ermənistan tərəfindən blokadada olduğunu qeyd edib: “Bu
onu göstərir ki, üç il yarım əvvəl Ermənistanın baş naziri
N.Paşinyan ikinci Qarabağ müharibəsinin başa çatması nəticəsində
Üçtərəfli Bəyannaməni imzalamaqla götürdüyü öhdəlikdən açıq şəkildə
kənara çıxır”, – deyə Elçin Əmirbəyov bildirib.
O, davam edən sülh prosesini bəzi xarici dövlətlər tərəfindən
potensial olaraq qeyri-sabitləşdirmək, sülh perspektivlərini riskə
atmaq və Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək üçün
cəhdlər olduğunu da vurğulayıb: “Konkret olaraq, mən birtərəfli
yardım və silahların çatdırılması yolu ilə Ermənistanın hərbi
potensialını gücləndirmək üçün bəzi Qərb dövlətlərinin yeni
təşəbbüslərini nəzərdə tuturam. Düşünürəm ki, bu qeyri-şəffaf
üsuldur. Bunlar sülh perspektivləri üçün yaxşı deyil, həm də
təhlükəsizlik baxımından bəzi mənfi nəticələr törədə bilər”.





























