
Bakı. Trend:
Aprelin 24-də Bakı Biznes Universitetində Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl
iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi” mövzusunda Beynəlxalq
elmi-praktiki konfrans keçirilib.
Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir
Rzayev, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdir
müavini Faiq Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının
müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyası Yasamal rayon
təşkilatının sədri Bəxtiyar Nəbiyev, ölkəmizin beynəlxalq aləmdə
tanınmış və böyük nüfuza malik olan akademiki Ziyad Səmədzadə,
Azərbaycan Respublikasının Energetika və Xarici İşlər
nazirliklərinin məsul şəxsləri, Elm və Təhsil Nazirliyinin
İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, SOCAR-ın
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbə müdiri Çingiz
Məmmədov, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə və
respublikamızın 20-dən çox ali məktəblərinin prorektorları,
Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun layihələr üzrə
direktoru, İsveçin Kral Texnologiya Universitetinin professoru,
Litavının Mikolo Romeri Universitetinin, Polşanın Katovitsa
Universitetinin, Moldova İqtisad Elmləri Akademiyasının və
Yunanıstanın Hellenik Universitetinin professorları iştirak
ediblər.
Beynəlxalq elmi-praktik konfrans başlanmazdan əvvəl müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin
BBU-dakı büstü ziyarət edilərək önünə tər çiçək dəstələri
qoyulub.
Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor İbad Abbasov qonaqları
salamlayıb və onların konfransda iştiraklarından məmnun olduğunu
bildirib. Rektor qeyd edib ki, konfransın mövzusu günümüzün ən
aktual məsələlərindən birinə həsr edilib. Belə ki, yaşadığımız
yaşıl planetin qloballaşma prosesində üzləşdiyi ekoloji
problemlərinin həlli yollarının tapılması və bu istiqamətdə mövcud
beynəlxalq təcrübələrin bölüşülməsi mühüm əhəmiyyət kəsb edir.
Həmçinin qlobal miqyasda bu məsələ ilə bağlı beynəlxalq
təşkilatların, o cümlədən BMT və Dünya İqtisadiyyat Forumunun
müvafiq proqramlar və təşəbbüslərlə çıxış etdiyini sözlərinə əlavə
edib.
Rektor xüsusilə vurğulayıb ki, ölkəmizdə də bu məsələ dövlət
başçısının və hökumətin daim diqqət mərkəzindədir. Belə ki,
Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası:
2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn
öhdəliklərlə Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci
il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müvafiq
bəndləri üst-üstə düşür.
Bildirilib ki, 1 mart 2021-ci il tarixində BMT və Azərbaycan
Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə
Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanmışdır. Bu sənəddə nəzərdə
tutulan 4 əsas prioritetdən biri də məhz “Ətraf mühitin mühafizəsi
və iqlim dəyişikliyi ilə mübarizə”dir. Bu istiqamətdə atılan
olduqca mühüm və dünyamiqyaslı addımlardan biri də BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 11 dekabr 2023-cü ildə
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən plenar
iclasında Tərəflər Konfransının növbəti 29-cu sessiyasının
(COP29-un) 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarının qəbul
edilməsidir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad
Səmədzadə ölkəmizin energetika potensialı, onun yaşıl enerji
hesabına möhkəmləndirilməsi istiqamətlərindən söhbət açıb. Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışnda
aqrar sahədə yaşıl iqtisadiyyatın inkişaf perspektivlərinin mühüm
əhəmiyyətindən danışıb.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru,
İqtisad elmləri doktoru, professor Nazim Müzəffərli iqtisadiyyatın
səbatlığı, dayanıqlığı və davamlılığının iqtisadi inkişafdakı mühüm
rolundan bəhs edib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə ölkəmizdə
aqrar sahə üzrə yaşıl inkişaf mexanizmlərinin formalaşdırılması
məsələlərindən danışıb.
SOCAR-ın «Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbə müdiri
Çingiz Məmmədov isə öz çıxışında davamlı inkişafın əsası kimi yaşıl
iqtisadiyyatın mühüm istiqamətlərini qeyd edib.
Konfransda iştirak edən xarici ölkə universitetlərinin
nümayəndələri – İsveçin Kral Texnologiya Universitetindən Viktor
Kordas, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondundan Kristofer
Terrase, Polşanın Katovitse İqtisad Universitetindən Paulina
Rutecka, Moldova İqtisad Elmləri Akademiyasından Tatiana Qutium,
Litvanın Mikolas Romeris Universitetindən dosent Nomeda Qudeliene
və Yunanıstanın Beynəlxalq Hellenik Universitetindən professor
Tomas Tomidis davamlı inkişafda yaşıl texnologiyalar, yaşıl
universitet və yaşıl enerji məsələlərindən bəhs ediblər.
Plenar iclasdan sonra konfransın işi bölmələrdə davam
etdirilib.



























