
Bakı. Trend:
Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü xanım Jelyka
Tsviyanoviç Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında
(COP29) iştiraka dəvət olunub.
Trend xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı
səfiri Vilayət Quliyev Jelyka Tsviyanoviç ilə görüşüb və Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən ona ünvanlanmış COP29-a dəvət
məktubunu təqdim edib.
Görüş zamanı səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər
və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı
layihələr barədə ətraflı məlumat verib.
J.Tsviyanoviç isə bu ilin mart ayında Azərbaycana səfəri və
Prezident İlham Əliyevlə görüşündən xoş təəssüratlarını bölüşüb,
Bosniya və Herseqovina ilə Azərbaycan arasında hərtərəfli
əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.



























