Advertisement

Ermənistan Amuldağ qızıl yatağını istismar etməsi biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə yaradır – Pərvanə Vəliyeva

Bakı. Trend:

Yanvarın 18-də Ermənistanda fəaliyyət göstərən ekoloji və
səhiyyə yönümlü 100-dən çox QHT ölkələrinin rəhbərliyinə Amuldağ
(Amulsar) qızıl yatağında aparılan istismarla bağlı müraciət
ünvanlayıblar. Müraciətdə sözügedən qızıl yatağında aparılan
istismarın ətraf mühiti şiddətli şəkildə çirkləndirməsinə
baxmayaraq, yatağın fəaliyyətinin yenidən bərpa edilməsi
pislənilib.

Bunu Trend-ə açıqlamasında “Environmental Protection First”
Koalisiyasının üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı
direktoru Pərvanə Vəliyeva deyib.

“Etirazçıların digər tələblərindən biri də odur ki, Ermənistan
Amuldağ qızıl yatağını istismar etməklə həm qanunvericiliyi pozur,
həm də beynəlxalq öhdəliklərini yerinə yetirmir. Amuldağ qızıl
yatağının istismarı biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə
yaradır. Bu yatağın istismarı nəticəsində ətraf mühit radioaktiv
maddələrlə çirklənmələrə məruz qalır və eyni zamanda, yatağın
istismarı zamanı bir çox ölkələr tərəfindən qadağan olunmuş
texnologiyadan istifadə olunur. Həmin radioaktiv maddələr qurunt
sularına hopur və Amuldağın yaxınlığında yerləşən Cermuk istisu
kurort zonasının təbii mineral bulaqlarına məhvedici zərər vurur”,
– deyə P.Vəliyeva əlavə edib.

O qeyd edib ki, yatağın istismarında əsas şirkət Ermənistanın
“Lydian Armenia” şirkətidir.

“Ətraf mühitin qiymətləndirilməsi ilə bağlı aparılan
monitorinqlərin nəticəsinə görə, həmin yataqda istismar
dayandırılmalı idi. Lakin nə Ermənistan, nə də şirkət verdiyi
vədlərə əməl etdi. Yatağın istismarı bərpa olundu.

Biz “Environmental Protection First” Koalisiyası olaraq
Ermənistanda fəaliyyət göstərən QHT-lərin narahatlığını bölüşürük,
onları əməkdaşlığa dəvət edirik. Biz bu məsələləri dəfələrlər
qaldırmışıq, Amuldağda istismarı aparan şirkətlərə rəsmi məktublar
göndərmişik, onlarla görüş keçirmək istədiyimizi bildirmişik. Ətraf
mühitin montorinq nəticələri nəzərə alınmadan yatağın istismarı
aparılır. Hətta beynəlxalq qurumlar belə Amuldağ qızıl yatağının
istismarının ətraf mühitə mənfi təsir etdiyini, insanlar üçün ciddi
xəstəlik mənbəyi olduğunu vurğulayıblar.

Ermənistan hakimiyyəti və yatağı istismar edən şirkətlər imkan
verməlidirlər ki, beynəlxalq ekspertlər, ekoloji təşkilatlar, o
cümlədən, bizim koalisiya və Azərbaycanda fəaliyyət göstərən
aidiyyəti QHT-lər həmin müəsissəyə baxış keçirsinlər, monitorinq
aparsınlar və öz rəylərini versinlər”, – deyə P.Vəliyeva deyib.

Qeyd edək ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu
(Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir. Yatağın
istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Yataq
həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay
Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ
yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün
yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv
edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb
olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə
yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü
olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir.
Eyni zamanda, bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə
törədir. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz
çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə
Azərbaycanın deyil, həm də İranın, eləcə də, digər Xəzəryanı
ölkələrin ekologiyasına ciddi ziyan vurur.