
Bakı. Trend:
Ukrayna Ali Radasının deputatları erməniəsilli milyarder, keçmiş
qondarma rejimin “dövlət naziri” olmuş separatçı Ruben Vardanyan
adını Nobel Sülh Mükafatına namizədlər siyahısından çıxarmağa
çağırıb.
Trend Ukrayna
KİV-ə istinadən xəbər verir ki, Ukrayna siyasətçiləri sosial
şəbəkələrdə paylaşımlarında adı korrupsiya qalmaqallarında hallanan
Vardanyanın adının Nobel Mükafatı laureatları siyahısına daxil
edilməsinin yolverilməz olduğunu bildiriblər.
Ali Radanın deputatı Yuri Kamelçuk Nobel Komitəsinə məktub
yazaraq, Ruben Vardanyanın adının potensial Nobel Sülh Mükafatı
laureatı kimi namizədliyini rədd etməyə çağırıb.
Qeyd edək ki, bu yaxınlarda keçmiş qondarma rejimin “dövlət
naziri” olmuş, hazırda Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında həbsdə olan
separatçı Ruben Vardanyanın çirkli pulları hesabına ona bağlı bir
qrup tərəfindən Nobel namizədliyinin irəli sürülməsi istiqamətində
iş aparıldığı haqda məlumat yayılıb.
Xatırladaq ki, Ruben Vardanyan 2023-cü ilin sentyabrında
Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən
Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların
yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının
dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham
olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam
etdirilir.





























