
Bakı. Trend:
Fəaliyyəti daim ictimaiyyətə açıq olan, mütəmadi olaraq istehsal
müəssisələrinə mediatur təşkil edən “Azərsun Holdinq” ənənəsinə
sadiq qalaraq media mənsublarını istehsal müəssisəsinə dəvət
edib.
Trend xəbər verir ki, bu dəfəki tur “Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində Azərbaycan Kağız və Karton İstehsalı
Kombinatı nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı
Fabrikinə olub.
Jurnalistləri qarşılayan fabrik müdiri Əli Məmmədov kağızın
təkrar emalı prosesi haqqında geniş məlumat verib. Prosesin bir
neçə mərhələdən ibarət olduğunu qeyd edən mütəxəssis bildirib ki,
qəbul olunan tullantılar çeşidləndikdən sonra su ilə qarışdırılaraq
xəmir alınır. Növbəti mərhələdə isə alınan xəmir kütləsi
aparatlarda kağız halına gətirilir və buxarda qurudulduqdan sonra
rulonlanır.
Fabrik müdiri istehsal prosesində istifadə edilən bütün
avadanlıqların müasir texnoloji standartlara uyğun olduğunu və
xaricdən gətirildiyini qeyd edib.
Müəssisənin illik istehsal gücünün 50 000 ton olduğunu qeyd edən
Əli bəy bildirib ki, bunun sayəsində ildə 850 min ağacın
kəsilməsinin qarşısı alınır. Belə ki, 1 ton tullantı kağızın təkrar
emalı 17 ağacın qorunmasını təmin edir.
AKKİK-ə təşkil edilən mediatur çərçivəsində fabrikdə çalışan
mütəxəssislər jurnalistləri proseslə əyani tanış edərək, onların
suallarını cavablandırıblar.
Qeyd edək ki, 10 illik fəaliyyəti dövründə təxminən 8.5 milyon
ağacın qorunmasını təmin edən bu fabrik “Azərsun Holdinq”in həyata
keçirdiyi ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən
biridir. Fabrik eyni zamanda tullantıların idarə edilməsinə dair
bir çox ekoloji maarifləndirmə layihələri icra edir.



























