Advertisement

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına müraciət edib

Bakı. Trend:

Baş Prokurorluq sabiq baş pediatr, professor Nəsib Quliyevin
intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media
qurumları ilə bağlı məlumat yayıb.

Trend xəbər verir ki, məlumatda deyilir:

“Xəbər verildiyi kimi, 1951-ci il təvəllüdlü Nəsib Quliyevin
aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar
etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə
cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial
media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən
rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair
tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə
səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini
təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiliklə
yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar
ictimailəşdirilib.

Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb
olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati
və cinayət məsuliyyətinə səbəb olur.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci
maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər
tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd
olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və
qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən
qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin
tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş
məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik”.