
Bakı. Trend:
Azərbaycanla Almaniya Federativ Respublikası arasındakı
münasibətlər strateji əhəmiyyət kəsb edir.
Bunu Trend-in suallarını cavablandırarkən politoloq
İlyas Hüseynov deyib.
O qeyd edib ki, Azərbaycan və Almaniya arasında müxtəlif
sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.
“Almaniya ölkəmizin Avropada ən vacib siyasi-iqtisadi
tərəfdaşlarından biridir. Almaniya dünya iqtisadiyyatında və
siyasətində mühüm rol oynayan ölkələrdəndir. Almaniya Cənubi
Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı
dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.
Çünki bu ölkə Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi
Qafqazda gedən prosesləri təhlil etməkdədir. Digər tərəfdən,
Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas
dəstəkçilərindən biridir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində bu gün aparıcı
dövlətə çevrilməkdədir. Bu baxımdan, Bakı ilə Berlin arasındakı
münasibətlər də diqqət çəkir. Ölkəmiz sülhə, sabitliyə böyük önəm
verir və Cənubi Qafqazda sülhün dayanıqlı olmasına çalışır.
Azərbaycanda delimitasiya və demarkasiya komissiyalarının işinin
uğuru, əldə olunan nəticələr də ölkənin maraqlarına cavab verməklə
yanaşı, sülh müqaviləsini və onun imzalanması ehtimalını da
gücləndirir”, – deyə İ.Hüseynov bildirib.





























