Bakı. Trend:
Füzulidən çıxanda 32 yaşım var idi, 64 yaşında doğma torpağıma
qayıdıram.
Bunu Trend-ə
Füzuliyə qayıdan sakin Mehdiyeva Solmaz deyib.
O qeyd edib ki, doğma torpağına qayıtmaq üçün uzun illər
həsrətlə gözləyib. “Mənim üçün çox gözəl bir gündür. Bizim üçün
gözəl evlər tikiblər, hər cür şərait yaradıblar. Şükürlər olsun ki,
uzun illərin həsrəti sona çatdı. Bu günü yaşadığım üçün cənab
Prezident İlham Əliyevə və ordumuza minnətdaram”, – deyə o əlavə
edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner
düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli
şəhərinə daha 39 ailə – 140 nəfər köçürülüb.




























