
Bakı. Trend:
Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən,
Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə həsr olunmuş
tədbir həm iqtisadi, həm də siyasi baxımdan çox önəmli hadisədir.
Bu tədbir keçmiş SSRİ-nin, planetin quru ərazisinin altıda bir
hissəsini əhatə edən super dövlətin o dövrdəki subyektlərinin hər
birinin, yəni 15 respublikanın yaxın keçmişində baş vermiş önəmli
hadisələrinin reabilitasiyasıdır.
Bu sözləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, BAM ötən əsrdə həyata keçirilmiş ən nəhəng
logistik layihələrdən biridir. “Bu layihənin gerçəkləşməsində ilkin
mərhələlərdə Azərbaycan SSR-in rəhbəri, 1982-ci ildən sonra isə
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq Heydər
Əliyevin müstəsna xidmətləri olub. Cənab Prezident İlham Əliyevin
bu dövlət tədbirinə Rusiya Prezidentinin dəvətilə qatılması da
Ümummilli Liderimizin bütün keçmiş SSRİ və əlbəttə ki, ilk növbədə,
Rusiya xalqları qarşısında tarixi xidmətlərinin etirafıdır.”
Deputat öz fikirlərini davam etdirərək, Azərbaycan və Rusiya
Prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi
münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə
keçirdikləri görüş zamanı etdikləri çıxışlarda bir çox vacib
məqamlara dair önəmli açıqlamaların yer aldığını qeyd edib.
K.Qafarov xüsusi olaraq vurğulayıb ki, dövlət başçılarının
keçirdikləri istər geniş tərkibli, istərsə də təkbətək görüşlərin
hər iki ölkə arasında, Azərbaycan və rus xalqları arasında dostluq
və əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi
və möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir:
“Azərbaycan və Rusiya arasında münasibətlərin özünəməxsus
özəlliklərə malik əsaslar üzərində formalaşmasında və bugünkü
səviyyəyə yüksəlməsində hər iki ölkənin onilliklər ərzində vahid
dövlətin tərkibində müttəfiq respublikalar kimi mövcud olmaları ilə
şərtlənir. Yetmiş il ərzində yaşanmış önəmli tarixi məqamlar
ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırıb, münasibətlərin
gələcəkdə də ardıcıl inkişafına zəmin yaradıb. Müasir
Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma,
qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2022-ci ilin fevralında
Kremldə imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında
Bəyannamə əsas siyasi sənəd olaraq ölkələrimiz arasında
əməkdaşlığın əsas genişlənmə istiqamətlərini də müəyyən edir. İki
dövlət arasında bu gün mövcud olan gündəlik kifayət qədər geniş
olmaqla, özündə regional təhlükəsizlik və qlobal strateji əhəmiyyət
kəsb edən beynəlxalq nəqliyyat komponentlərini də ehtiva edir.
Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi
baxımından və bir çox ölkələr arasında ticari münasibətləri
stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Azərbaycan və
Rusiya sadəcə böyük nəqliyyat layihələri həyata keçirmir.
Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran
sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin
yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa
edilməsinin zəruriliyini diktə edir. İkitərəfli münasibətlərdə,
əlbəttə ki, regional təhlükəsizlik məsələləri hər zaman xüsusilə
aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional
təhlükəsizlik üzrə əsas ölkədir və bütün qlobal və regional
aktorlar da bununla hesablaşmalıdırlar. Eyni zamanda, Avrasiya
məkanında gedən geosiyasi proseslərin əsas istiqamətini müəyyən
edən amillər arasında ölkələrimiz arasındakı əməkdaşlığı,
qarşılıqlı fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Məhz bu
amillərdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı
maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı
anlaşmanın möhkəmləndirilməsi və bütün məsələlərin nizamlanması
dövlətlərarası münasibətlərin prioritet istiqamətləridir. Nəzərə
almaq lazımdır ki, ökələrimiz arasında yüksək səviyyəli qarşılıqlı
səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi
qaydada keçirilən iqtisadi forum və konfranslar bu münasibətlərin
inkişafında həlledici rol oynayır. Hazırda bütün bu amillər və
tarixi şəraitin mövcud komponentləri çərçivəsində Azərbaycan-Rusiya
əlaqələri hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə
uyğun olaraq sürətlə inkişaf etdirilir.”





























