Advertisement

Hamam otaqlarında “pitminutka”dan istifadə qadağandır – Yoxlamalar başlayıb

Bakı. Trend:

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək,
“pitminutka”ların hamam otaqlarında istifadəsinin qarşısı alınır.
Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su
qızıdırıcılarına qazın verilişi dayandırılıb

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Azəriqaz” İstehsalat
Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin
Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov
bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam
otağında heç bir halda su qızdırıcısından (“pitminutka”) istifadə
etmək olmaz.

“2009-cu ildə qüvvəyə minmiş “Qaz təchizatı. Layihələndirmə
normaları”na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına
qoyulmasına yol verilmir.

Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun
olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə
və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən
vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış
otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz
təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı
tərəfindən həll edilməlidir.

Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su
qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri
aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında
yerləşdirilməlidir”.

İ.Behbudov bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli,
215 saylı qərarı var.

“Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə
yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan
yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan
qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir.
Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin
cihaza gedən qazın təminatı dayandırıla bilər.

Yanvar ayından etibarən yoxlamalar aparılır, normaları pozan
vətəndaşlara müvafiq xəbərdarlıq edilir”, – deyə o əlavə edib.

Qeyd edək ki, hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz
istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl
edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin
düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı
ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə
edilir.