
Bakı. Trend:
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan
Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün
ikitərəfli əməkdaşlıq Planı”na əsasən, hər iki ölkənin hərbi
mütəxəssisləri arasında müxtəlif mövzularda görüşlər keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, Müdafiə Nazirliyinin Tibb
İdarəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik
qovşağı, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində
keçirilən görüşlərdə Ordumuzda hərbi tibb sahəsində görülən
tədbirlər, kiber təhlükəsizliklə bağlı icra olunan fəaliyyətlər,
informasiya mübarizəsi işinin təşkili, peşəkar hərbi kadrların
yetişdirilməsi, ideoloji iş və mənəvi psixoloji təminat və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb, brifinqlər təqdim edilib.
Görüşlərdən sonra Qazaxıstan nümayəndə heyəti Müdafiə
Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Stomatoloji Poliklinika,
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi, Hərbi Tibb
Fakültəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik
qovşağı və Hərbi Nəşriyyatda görülən işlərlə tanış olub.





























