
Bakı. Trend:
Sabahdan etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa
şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın
şəhərinə də səfər edə biləcəklər.
Bəs bu səfərlər yerli turizmin inkişafına necə təsir
edəcək?
Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Trend-ə bildirib ki, bu, ölkə rəhbərliyi
tərəfindən Azərbaycan turizmi üçün verilən hədiyyədir.
“İşğaldan azad edilmiş ərazilərə fərdi minik avtomobilləri ilə
səfər turizmin inkişafına müsbət təsir edəcək. Bunu digər düşmən
işğalından azad edilmiş ərazilərə də tətbiq etmək olar. Lakin
insanların təhlükəsizliyi nəzərə alınaraq, ərazilər minalardan
təmizləndikcə baş tutacaq.
Bunun üçün müəyyən qədər gözləmək lazımdır. Əlbəttə ki, bu da
təhlükəsizlik baxımından çox vacib bir məsələdir. Çünki turist
istənilən yerə səyahət etdikdə orada böyük bir yaşayış massivinin
olması, əhalinin məskunlaşması turistlərdə böyük güvən yaradır. Bu
çox önəmlidir”.
Ekspert qeyd edib ki, Laçında tikilməkdə olan hava limanına
beynəlxalq statusun verilməsi böyük önəm daşıyır.
“Bu, o deməkdir ki, xaricdən birbaşa Laçına aviareyslər təşkil
olunacaq. Bu, həm laçınlıların rifahını yaxşılaşdıracaq, həm də
iqtisadiyyata böyük töhfə verəcək. Laçın aeroportu Şuşa və yaxın
ətraf rayonlara da, Kəlbəcər, Xankəndiyə də xidmət edəcək. Digər
rayonlarda da bu kimi iri layihələr həyata keçirilib. Zəngilan
Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. Bu, o demekdir ki,
artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaxın illərdə
dünyanın aparıcı bölgələrindən olacaq.
Laçının florası çox zəngindir. Laçında 2000-ə yaxın bitki növü
var. Bunların da 99%-i insan orqanizmi üçün əhəmiyyətli təbii
bitkilərdir, hansı ki, bunları biz bu gün apteklərdə qablaşdırılmış
şəkildə görürük. Bu da dədə-baba yurdlarına qayıdan insanlar üçün
biznesə çevriləcək. Yəni, burada müəssisələr açıla bilər, təbii
bitkilərdən vitamin tərkibli qida məhsulları hazırlana bilər.
Laçında turizmin inkişafı üçün kənd təsərrüfatına daha böyük
üstünlük verilməlidir, kənd təsərrüfatında çalışan fermerlərin də
işlərində böyük motivasiya yaratmaq üçün yaylaqlarda festivallar
keçirilməlidir, orada böyük bazarlar qurulmalıdır”, – deyə o qeyd
edib.
Qeyd edək ki, vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən
başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az)
üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq
müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli
rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və
Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın
marşrutu ilə mümkün olacaq.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla
maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri
dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat
nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə
tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz
Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina
təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı,
həmçinin, bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina
təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə
daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan
kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər
marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və
digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini
həyata keçirə bilərlər.





























