Advertisement

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində
hazırlanan “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil
olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.

SOCAR-dan Trend-ə bildirilib ki, mərasimdə ilk öncə yeni
kolleksiya ilə bağlı təqdimat edilib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri
Emin Məmmədov 3 xalçadan ibarət “Xarıbülbül” kolleksiyasının
“Azərxalça” ASC ilə SOCAR arasındakı əməkdaşlığın nəticəsində
ərsəyə gəldiyini bildirib, birgə layihələrin gələcəkdə də davam
etdiriləcəyinə inamını ifadə edib.

İdarə Heyətinin sədri yeni kolleksiyada Vətən müharibəsində
parlaq Zəfərimizin rəmzi olan Xarıbülbülün milli xalça əlifbasına
uyğun olaraq xalça dilində, xalça çeşnisi kimi toxunub cəmiyyətə
təqdim olunduğunu, xalçaların üzərində möhtəşəm Qələbəmizlə bağlı
detalların əksini tapdığını diqqətə çatdırıb.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti
nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin
xalqımızın və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş
etdirdiyini, Qələbəmizin simvolu olan “Xarıbülbül” elementli xalça
nümunələrinin hazırlanması layihəsində iştirakın böyük məmnunluq
doğurduğunu diqqətə çatdırıb. Vitse-prezident xalçaçılıq sahəsinin
inkişafının regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi və
qadınların əmək bazarına inteqrasiyası ilə yanaşı, xalqımızın milli
dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasına da
əhəmiyyətli töhfələr verdiyini bildirib.

Xalqımızın milli təfəkkürünə əsaslanan və istedadının məhsulu
olan xalçalarımızın hər zaman müxtəlif ölkələrdə də böyük diqqət və
marağa səbəb olduğunu söyləyən SOCAR-ın kommunikasiya məsələləri
üzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycanda xalça sənətinin
qorunması və inkişaf etdirilməsinin daim dövlətimizin diqqət
mərkəzində olduğunu vurğulayıb. İcraçı direktor Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın bölgələrə səfərləri
zamanı “Azərxalça” ASC-nin filiallarının açılışlarında şəxsən
iştirak etmələrinin, xalçaçılarla səmimi görüşlərinin bu qədim
sənət növünə, xalçaçıların əməyinə verilən yüksək dəyərin təzahürü
olduğunu qeyd edib.

Kolleksiyanın yaranma səbəbləri və xalçalarda əks olunan
elementlər haqqında məlumat verən kolleksiyanın ideya müəllifi,
Əməkdar rəssam Rəşad Ələkbərov xalçalarda ümumi böyük ölçülü
Xarıbülbülün xüsusi elementlər formasında, xalça dilində təqdim
olunduğunu diqqətə çatdırıb. Əməkdar rəssam məhz bu kolleksiya
daxilində Azərbaycanda ilk dəfə sıfırdan Qarabağ qrupuna aid xalça
çeşnisinin yaradıldığını bildirib.

Kolleksiyanın hazırlanmasında iştirak edən xalçaçı Zemfira
Məmmədova ölkəmizdə bu qədim sənət növünə, onun inkişafına
göstərilən dövlət qayğısından, peşəkar xalçaçıların hazırlanması
istiqamətində görülən işlərdən, eyni zamanda, peşəsinə olan böyük
sevgisindən bəhs edib.

Daha sonra xalçaların kəsim mərasimi keçirilib.

SOCAR tərəfindən “Azərxalça” ASC-yə milli enerji strategiyamızın
banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan
poçt markaları hədiyyə olunub.

Qeyd edək ki, ənənələri özündə qoruyan, müasir üsulda toxunan
“Xarıbülbül” xalçalarının hazırlanmasında Azərbaycanda ilk dəfə həm
yun, həm də ipək saplardan istifadə olunub.