Advertisement

Ər-Riyadda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları və qızıl yubileyi keçirilir (FOTO)

Ər-Riyad. Trend:

Aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki
Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin
Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun
(İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

Trend bu barədə tədbirin keçirildiyi yerdən xəbər verir.

2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyər
verib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik və
firavanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadi
inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.

Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığı
çərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl
yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir.
İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar və
özəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir
sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri iştirak
edəcəklər.

Görüşlər İİB-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin
möhkəmləndirilməsi və iştirakçı maliyyə institutları ilə
əməkdaşlığı maksimum dərəcədə artırmaq yollarını araşdırmaq imkanı
verəcək.

İİB-in illik toplantıları zamanı Bankın qızıl yubileyi də qeyd
olunur. Bu tarixi görüş zamanı bir sıra forumlar və seminarlar, o
cümlədən Menecerlərin dəyirmi masası, İslam Maliyyəsi üzrə 18-ci
İİB Qlobal Forumu, İİB Qrupunun Özəl Sektor Forumu, Ərəb
Koordinasiya Qrupunun Forumu, İslam Ölkələri Məsləhətçilər
Federasiyasının (FCIC) Baş Assambleyası keçiriləcək.

Dünyanın əsas reytinq agentlikləri tərəfindən AAA olaraq
qiymətləndirilən İslam İnkişaf Bankı Qlobal Cənub üçün qabaqcıl
çoxtərəfli inkişaf bankıdır. İslam maliyyəsi prinsiplərini rəhbər
tutan Bankın dörd qitədə 57 üzv ölkəsi var. Onun missiyası
insanlara öz potensiallarını reallaşdırmağa imkan verən
infrastruktur yaratmaqla genişmiqyaslı iqtisadi və sosial tərəqqiyə
nail olmaq üçün onlara səlahiyyət verməkdir. Qərargahı Səudiyyə
Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İİB-in 11 üzv
ölkədə regional mərkəzləri var. Ötən illər ərzində Bank vahid
strukturdan beş təşkilatdan ibarət Qrupa çevrilmişdir: İslam
İnkişaf Bankı (IsDB), İslam İnkişaf Bankı İnstitutu (IsDBI), İslam
İnvestisiya və İxrac Kredit Sığortası Korporasiyası (ICIEC), Özəl
Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq
İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC).

Azərbaycanla əməkdaşlıq

Azərbaycanın 1992-ci ildə üzvlüyündən bəri İİB əsasən enerji, su
və kanalizasiya və şəhər xidmətləri sahələrində iqtisadi və sosial
infrastruktur layihələrini təsdiqləyib və maliyyəyə çıxışı
yaxşılaşdırıb. Xüsusilə, Bankın maliyyələşdirilməsi ölkəyə
aşağıdakı sosial-iqtisadi nəticələrə nail olmağa kömək edib.

Enerji sektorunda 1060 MVt elektrik enerjisi istehsal gücünə və
230 MVt bərpa olunan enerji gücünə nail olunub. Bundan əlavə, 287
kilometr elektrik ötürücü və paylayıcı xətlər çəkilmiş, 400
yarımstansiya quraşdırılmış və ya təkmilləşdirilmiş, bu da milli
enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına və ixracın artmasına
səbəb olub.

Su təchizatı və kanalizasiya sektorunda kənd icmalarında 100-dən
çox kiçik içməli su paylayıcı şəbəkə tikilmiş və ya bərpa
edilmişdir ki, bu şəbəkələr Azərbaycanın dörd rayonunda 75 000
nəfəri təmiz içməli su və əsas kanalizasiya xidmətləri ilə təmin
edir.

Kənd təsərrüfatı sahəsində 85 min hektara yaxın əkin sahəsi
suvarılmış, fermerlərə müasir kənd təsərrüfatı texnikası
verilmişdir.

Maliyyə sektorunda COVID-19 pandemiyasının təsirinə məruz qalmış
özəl sektor bizneslərinə, o cümlədən kiçik və orta müəssisələrə 10
milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

2024-cü il yanvarın sonunda İİB və Azərbaycanın İqtisadiyyat
Nazirliyi arasında 2024-2026-cı illər üçün Azərbaycan üzrə
Qarşılıqlı Əlaqələr Çərçivə Proqramı (CEF) üçün əməkdaşlıq
çərçivəsini yaradan Anlaşma Memorandumu imzalanıb.

CEF İİB Qrupu ilə Azərbaycan arasında əməkdaşlığı
genişləndirmək, potensial əməkdaşlıq sahələrini genişləndirmək və
ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə Bankın
dəstəyini gücləndirmək məqsədi daşıyır.

Azərbaycan üçün İİB-in CEF-i üç sütuna əsaslanacaq, yəni: 1)
ekoloji cəhətdən təmiz, dayanıqlı infrastrukturun inkişafı, o
cümlədən Qarabağda yenidənqurma işlərinə dəstək, bərpa olunan
enerji, regional əlaqə və karbohidrogen ehtiyatlarının davamlı
istehsalı; 2) özəl sektorun inkişafı, kənd təsərrüfatının ixracı və
innovasiyası və “halal” ekosistemi daxil olmaqla
rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadiyyatda məhsuldarlığa
əsaslanan artımın dəstəklənməsi və 3) rəqəmsal transformasiya,
İslam maliyyəsi, Cənub-Cənub əməkdaşlığı kimi kəsişən sahələr və
potensialın inkişafı.

X:
@Lyaman_Zeyn