Advertisement

Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər – Kamaləddin Qafarov

Bakı. Trend:

Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən
mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək.
2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlim
Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə
seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu
xarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclü
diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun
daha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki,
Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk
Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik
təcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətli
qərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxış
etmişdir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ADA
Universitetində aprel ayının 23-də keçirilmiş “COP29 və Azərbaycan
üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun gedişində tədbir
iştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalar
Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünya
ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından böyük önəm
kəsb edir.“İlk növbədə birmənalı olaraq demək lazımdır ki,
Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı və
arzuolunan tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul edilməsi
faktı forumda aparılan müzakirələrdə, cənab Prezident İlham Əliyevə
ünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edən
növbəti məqamlardan biri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına
daxil olma ehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. Cənab
Prezident bildirdi ki, dayanıqlı, daxili resurslara söykənən və
şaxələndirilmiş iqtisadiyyata malik olan Azərbaycanı Avrasiya
İqtisadi İttifaqına üzv dövlətlərlə qurduğu yaxşı ikitərəfli
iqtisadi əlaqələr indiki vəziyyətdə tam qane edir. Azərbaycanın
beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hər
zaman praqmatizmə əsaslanıb. Təbii ki, təşkilata inteqrasiya
ölkəmizə əlavə praktiki üstünlüklər vəd edərsə, bu zaman Azərbaycan
bütün üstün və mənfi cəhətləri dəyərləndirib düzgün qərar qəbul
edəcək.”

K.Qafarov Cənubi Qafqazda sülh prosesi ilə bağlı mövzunun tədbir
iştirakçılarının suallarında geniş yer aldığını və bunun dünyada
regionumuza olan böyük marağın daha bir önəmli göstəricisi olduğunu
vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyev ona verilən
növbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülh
prosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasına
baxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdan
yararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeyd olundu
ki, ölkəmizin COP29-a ev sahibliyi etməsilə bağlı Ermənistanın
vetosunu aradan qaldırması və bunun qarşılığında Azərbaycan
tərəfindən atılan addımlar iki ölkə arasında etimadın yaranmasına
zəmin yaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heç də hər
dəfə hər müstəvidə bir-birilərinə qarşı addım atmalı olmadıqlarını
nümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də Cənubi
Qafqazda sülh prosesini sürətləndirmək imkanı baxımından
dəyərləndirəcək.”