
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Respublikasına
rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç ilə
görüşüb.
Bu barədə Trend-ə Milli
Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını
Monteneqronun dövlət başçısına çatdıran Milli Məclisin sədri Sahibə
Qafarova ölkəmizdə keçiriləcək COP29-da iştirak etmək üçün dəvət
məktubunu təqdim edib.
Prezident Yakov Milatoviç Azərbaycanın Monteneqro üçün dost ölkə
olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin inkişaf
etdiyini söyləyib. Azərbaycanın Monteneqronun əsas investorlarından
biri olduğunu söyləyən Yakov Milatoviç, xüsusilə turizm sahəsində
əməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29-a evsahibliyi etməsi
münasibətilə təbriklərini çatdıran Prezident Yakov Milatoviç
Dubayda keçirilən COP28 çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.
O, bu il ölkəmizdə keçirilən prezident seçkilərində Prezident
İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Bildirilib ki, Monteneqro parlamentinin üzvləri də bu seçkiləri
müşahidə ediblər.
O, Monteneqronun Azərbaycan üçün dost və tərəfdaş ölkə olduğunu
qeyd edərək, bildirib ki, ötən il iki ölkə arasında diplomatik
əlaqələrin yaradılmasının 15-ci ildönümü tamam olub. Ötən dövrdə
ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələri
qurulub.
Görüşdə ölkələrimiz arasında müqavilə – hüquq bazasının daha da
genişləndirilməsi, yeni sazişlərin imzalanmasının əhəmiyyəti
vurğulanıb. Qeyd olunub ki, İqtisadi əməkdaşlıq komissiyasının
işinin gücləndirilməsi bu sahədə münasibətlərin daha da
genişləndirilməsinə təkan verəcək. Söhbət zamanı humanitar sahədə
də əlaqələrin, insanlar arasında təmasların gücləndirilməsinin də
əhəmiyyəti qeyd olunub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında
parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Həmçinin
hazırda dünyada ikili standartların mövcud olduğu şəraitdə
beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar
çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyinin vacibliyi
vurğulanıb.
Sahibə Qafarova bu ilin yanvar ayında Azərbaycan Milli
Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətinin etimadnaməsinin təsdiqlənməməsinə toxunaraq,
Monteneqronun bu səsvermədə iştirak etməməsini qeyd edib. Spiker
Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli
qətnamələri də tənqid edib.
Söhbət zamanı bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı
müşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri tənqid edən
Milli Məclisin sədri deyib ki, Azərbaycan öz yolu ilə gedir. O,
sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirərək,
iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib.
Bildirilib ki, aparılan danışıqlar nəticəsində Ermənistan işğal
etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib.
Sahibə Qafarova, həmçinin Fransanın regionumuzda gərginliyi
artırmaq məqsədi daşıyan addımları barədə də məlumat verərək deyib
ki, bu ölkə sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına
hesablanmış yanaşma ortaya qoyur.
Milli Məclisin sədri regionda nəqliyyat xətlərinin açılması
perspektivləri ilə bağlı fikirlərini qeyd edib. O, deyib ki,
nəqliyyat və kommunikasiyaların bərpası bütün regiona fayda
gətirəcək. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa
və yenidənqurma işlərinin həyata keçirildiyini bildirən spiker
Sahibə Qafarova deyib ki, həmin ərazilərdə yeni şəhərlər, kəndlər
salınır. O, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi
Avropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.
Prezident Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh
sazişinin imzalanacağına ümid etdiyini bildirib və qeyd edib ki,
bu, regionun inkişafına töhfə verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir
mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Məclisin sədri “Qarabağ işğaldan əvvəl və
sonra” kitabını Monteneqro Prezidentinə təqdim edib.





























