
Bakı. Trend:
“Sabah”ın U-19 komandasının xorvatiyalı baş məşqçisi Adino
Mustedanaqiçin İdman.biz saytına müsahibə verib.
Trend İdman.biz-ə
istinadən müsahibəni təqdim edir:
– Azərbaycan çempionu titulunu qazandız. Bu yol asan,
yoxsa çətin oldu?
– Liqada müxtəliflik var, yəni bütün komandalar fərqli oynayır,
siz diqqətli və motivasiyalı olmalısınız. Qarşılaşmaya 100 faiz
fokuslanmasanız, hər an oyun əldən gedə bilər. Sonra onu bərpa
etmək çətindir.
– Qızıl medallar uğrunda əsas rəqibləriniz kimlər
idi?
– Yadımda qalan məqamlardan biri “Araz-Naxçıvan”la ilk oyundur.
1:1 hesabı ilə davam edən matçda iki qırmızı vərəqə aldıq. Yaxşı
oynayıb, oyunun son saniyəsində qol vurmağı bacardıq. “Qəbələ”,
“Səbail”, “Neftçi” və “Qarabağ”la mübarizələr çox maraqlı keçdi.
Bütün rəqiblərimizdən xal aldığımız üçün komandamla fəxr
edirəm.
– Sizcə, gənc futbolçularımızın səviyyəsi
necədir?
– Azərbaycanlı futbolçular çox intensiv oynayırlar, bu, yaxşı
haldır. Problem bu tempi 90 dəqiqə saxlamaqdadır. Yaşı 15-dən aşağı
olan oyunçuların istedadı və oyunu demək olar ki, eyni
səviyyədədir. Bunu bir daha mayda Antalyada keçiriləcək turnirdə
yoxlayacam. Həmin vaxt U-14 və U-15 komandalarımız dünyanın hər
yerindən olacaq güclü rəqiblərlə turnirdə mübarizə aparacaq.
– Bəs ölkəmizdə uşaq futbolunda əsas problemlər
nədədir?
– Problem və ya daha dəqiq desək, inkişafın azalması uşaqların
böyük meydanda 11 nəfərlə oynadıqları andan başlayır. “Sabah”da
apardığımız təhlilə əsasən belə qənaətə gəlmişik. Yarım meydanda 7
oyunçudan bütöv meydana 11 nəfərlə keçid bəzən kimlərinsə
performansının düşməsinə səbəb olur. Oyunçuların sayının və
meydançanın ölçüsünün tədricən artırılması bu uyğunlaşmanı təmin
edə bilər. Məsələn, U-12-də 9 futbolçu ilə oynamaq. Bu, futbolun
inkişafı üçün düzgün kontekst yaradacaq. Digər problem məşqçilərlə
bağlıdır. Futbol ünsiyyətin ən böyük əhəmiyyət kəsb etdiyi komanda
idman növüdür. Problemləri kollektiv şəkildə həll etmək
bacarığıdır. Siz fərdi idman növləri üzrə çox istedadlı xalqsınız.
Orada çoxlu medallar qazanırsınız. Hətta futzalda da əla nəticələr
var. Lakin futbolda uşaqların komanda ilə ünsiyyətində fərdi
xüsusiyyətlərinə və top bacarıqlarına çox güvəndikləri üçün onların
qərar qəbul etmə qabiliyyəti aşağı düşür. Adətən insanlar ünsiyyəti
taktika ilə səhv salırlar, lakin taktika sadəcə oyunu inkişaf
etdirmək üçün bir vasitədir. Məşqçilərin ünsiyyət yaratması üçün
edə biləcəyi daha çox şey var. Digər məsələ qərar vermə
qabiliyyətidir. Futbolda adi gözlə görə biləcəyimizdən daha çox şey
var. Aparılan araşdırma göstərir ki, 80 faizdən çox səhv ötürmələr,
səhv qərarlar səbəbindən olur və məşqçi buna müdaxilə edə bilmir.
Biz hətta çalışdırıcıların oyunçulara nə etməli olduqlarını səhv
anlatdığını görürük. Oyun zaman məşqçi susmalıdır. Ancaq məşqçinin
bilik və bacarığı olmalıdır ki, onu oyunçuya ötürə bilsin. Uzun
sözün qısası, məşqçi təhsilində ünsiyyət və qərar vermə
qabiliyyətinin nə olduğu, onların futbolda yeri və futbol
fəaliyyətinin təkcə topa vurmaqdan ibarət olmadığı
vurğulanmalıdır.
– Bunlardan başqa çatışmazlıq yoxdur?
– Zəif infrastruktur səbəbindən oyunçular pis meydançalara və
artan zədələrə məruz qalırlar ki, bu da avropalı uşaqlarla
müqayisədə məşq vaxtını azaldır. Gənc futbolçuların çoxunun yediyi
yeməkdən razı deyiləm. Qidalanmada zülal azdır və onların əzələ
kütləsi çox aşağıdır. Xarakter baxımdan hiss edirəm ki, gənclər
üçün futbol kontekstinin inkişafı yaxşı deyil. Bu istedadların
məşqi, ən güclünün sağ qalmasıdır. Çox şey daim dəyişir və
oyunçular şüursuz olaraq əsasən özlərini qısamüddətli hədəflərə
fokuslayırlar. Onlar komfort zonasında qalmağı seçirlər. Azərbaycan
futbolunda hamımızın əsas işindən biri gənc futbolçuları narahat
vəziyyətlərə salıb, çətinliyə alışdırmaqdır. Bu özü ilə inkişafı
gətirə bilər.
– Azərbaycanda gələcəkdə işləyəcəyiniz klublara və ya
Xorvatiyanın digər klublarına məsləhət görə biləcəyiniz uşaqlar
var?
– Bəli, Azərbaycanda maraqlı oyunçular çoxdur. Biz hər il onlardan
bəzilərini Zaqreb “Dinamo”suna göndəririk ki, nə qədər inkişaf
etdiyimizi görək və bu klub da həmişə onlardan razı qalır. Hətta
sənədləşmə işləri aparılsaydı, onları komandalarında saxlayardılar.
Bir az böyükyaşlı uşaqlarda Avropa klubları onların hansı oyunlarda
meydanda olduğuna diqqət yetirir. “Dinamo” və digər böyük Avropa
klubları isə ən çox futbolçunun Avropa Liqalarında və milli
komandasında oyunudur.
– “Sabah” avrokuboklarda ölkəmizi təmsil edəcək. Uğurlu
olmaq üçün nələr etməyi düşünürsüz?
– UEFA Gənclər Liqasının olması AFFA Gənclər Liqasına əlavə
intriqa qatır. Ona görə də hamı həmin çempionat qalib gəlmək
istəyir. Çünki hamı Avropada çıxış etməkar zusundadır. Biz
Azərbaycanı ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq və
düşünürəm ki, buna hazırıq. Təbii ki, məsuliyyətimizi dərk edirik.
Amma real olaraq, bəzi oyunçularımız üçün bu, Avropada ilk oyun
təcrübəsi olacaq. İstəyirik ki, maksimumlarını göstərsinlər.





























