
Bakı. Trend:
Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də
Qırğızıstan Respublikasıdır. Aprelin 24-də Qırğızıstan
Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri
çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də
ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş
imkanları olduğunu deməyə əsas verir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, hər iki ölkənin Prezidentlərinin mətbuata
verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş
dövlətlər olduğu xüsusi vurğulandı. “Dövlət başçıları həm təkbətək
görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş
tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək
əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu gün
Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə
tamamilə yeni bir səviyyəyə çatıb. İki ölkə arasında imzalanmış
mühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Qırğızstan
Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”
və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Birgə
Bəyannaməsi” Azərbaycan və Qırğızıstan münasibətlərinin həqiqətən
də yeni, daha yüksək mərhələyə yüksəldiyini deməyə tam əsas verir.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında
xüsusi olaraq göstərdi ki, bu gün hər iki ölkənin energetika və
nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan
Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində
maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı
nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.
Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropa marşrutu isə təkcə məsafə
nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi
baxımından əlverişli olmalıdır. Bütün bunlar Azərbaycan –
Qırğızıstan əməkdaşlıq əlaqələrinə böyük perspektivlər vəd
edir.”
K.Qafarov daha sonra ölkələrimiz arasında mədəni əlaqələrin
əhəmiyyətindən bəhs edərək deyib: “Azərbaycan və qırğız xalqları
arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud
olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətlərində
mədəni əlaqələr xüsusi yer tutur. Bu günlərdə Azərbaycanda
keçirilən Qırğızıstan Mədəniyyəti Günləri də bunu bir daha nümayiş
etdirdi. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı
abidəsinin açılışı da böyük mədəni hadisədir. Abidənin açılışında
çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Çingiz
Aytmatov dünya şöhrətli yazıçı, qırğız xalqının həyatı boyu Sovet
İttifaqı məkanında, eləcə də dünya miqyasında ölkəsini layiqincə
təmsil etmiş böyük oğludur. O, təkcə yazıçı kimi deyil, həm də
ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük
hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi qırğız xalqının,
bütün qardaş xalqların qəlbində yaşayır. Aprelin 25-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının
Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta
məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Tikinti
işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından
Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə
arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”





























