
Ər-Riyad. Trend:
İslam maliyyə prinsipləri innovasiya potensialının açılmasında
mühüm rol oynaya bilər.
Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB)
Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində İİB qrupunun
sədri Məhəmməd Süleyman Əl-Cəsser İslam İnkişaf Bankının İslam
maliyyələşdirməsi üzrə 18-ci Qlobal Forumunda çıxışı zamanı
deyib.
“Bu gün üzləşdiyimiz qlobal çağırışlar bizi davamlı inkişafa
əsaslanan gələcəyə doğru aparacaq uzaqgörən liderlik tələb edir. Bu
transformasiya öz icmalarında iqtisadi artım və tərəqqi üçün
katalizator rolunu oynayan sahibkar liderlər nəslini inkişaf
etdirməkdən ibarətdir. Bunlar mövcud məhdudiyyətlərdən kənar
imkanları görən, problemlərlə üz-üzə durmağa hazır olan və
dəyişiklik prosesinə rəhbərlik edən liderlərdir. Onlar dünyaya
müsbət təsir göstərməyə çalışırlar. Sahibkarlığın təsiri ayrı-ayrı
müəssisələrdən xeyli kənara çıxır. Sahibkarlar uğur qazandıqda
gələcək nəsillərə böyük təsir göstərirlər”, – deyə o bildirib.
Əl-Cəsser qeyd edib ki, “Alibaba”, “Google”, “Amazon”, “Apple”,
“Microsoft”, “Tesla” kimi müəssisələr iqtisadi mənzərəni kəskin
şəkildə dəyişib.
“Bu şirkətlərin ümumi bazar dəyəri, demək olar ki, 12 trilyon
dollar təşkil edir ki, bu da Böyük Britaniya, Fransa və Rusiyanın
2023-cü ildəki iqtisadi məhsuldarlığından çoxdur. Onlar milyonlarla
iş yeri yaradıb, saysız-hesabsız biznesə şərait yaradıb və dünya
ölkələrində iqtisadi artımı sürətləndirib. Potensial sahibkarları
dəstəkləməklə biz üzv ölkələrimizin inkişafını və tərəqqini
sürətləndirə bilərik”, – deyə o bildirib.
Əl-Cəsser əlavə edib ki, “Global Entrepreneurship Monitor”
göstərdi ki, həm yeni, həm də mövcud sahibkarlar dayanıqlı inkişaf
məqsədlərinə nail olmaq üçün mühüm töhfələr verirlər.
“Bununla belə, kritik bərabərsizliklər qalmaqdadır. Dünya
Bankının məlumatına görə, yeni biznesin yaradılması tempində kəskin
kontrast var. Bu boşluğun aradan qaldırılması çox vacibdir.
Sahibkarlığı dəstəkləyən və inkişaf etdirən əlverişli mühit
yaratmaqla biz innovasiya potensialını aça bilərik. İslam maliyyə
prinsiplərinə uyğunlaşdırılmış mikromaliyyə kimi təşəbbüslər bu
baxımdan mühüm əhəmiyyət kəsb edə bilər”, – deyə o bildirib.
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.
2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.
Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak
edəcəklər.



























