
Bakı. Trend:
Türkiyə polisi və jandarmeriya qüvvələri ölkənin 40 vilayətində
əməliyyat keçirib, nəticədə “İslam Dövləti” (İŞİD) və PKK terror
qruplaşmalarının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən
200-ə yaxın şəxs saxlanılıb.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali
Yerlikaya “X” sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, Təhlükəsizlik Baş İdarəsinin kəşfiyyat
idarəsi və terrorla mübarizə şöbəsinin birgə səyi nəticəsində
ölkənin 6 vilayətində İŞİD-ə qarşı əməliyyatlar keçirilib.
A.Yerlikaya qeyd edib ki, Adana, Aydın, Çorum, Qaziantep, Kayseri
və Mersin vilayətlərində 38 şübhəli bilinən şəxs saxlanılıb, külli
miqdarda rəqəmsal materiallar və xeyli miqdarda xarici valyuta və
türk lirəsi ələ keçirilib.
Nazir əlavə edib ki, Ankara, Antalya, İzmir, İstanbul və ölkənin
şərq və cənub-şərqindəki bölgələr də daxil olmaqla 34 əyalətdə
PKK-ya qarşı reydlər keçirilib. O bildirib ki, bu əməliyyatlar Baş
Prokurorluq, Jandarmeriya Baş İdarəsi və Təhlükəsizlik Baş İdarəsi
arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib və PKK terror
təşkilatına yardım və ya iştirakda şübhəli bilinən 147 nəfər
saxlanılıb.





























