Advertisement

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir – Deputat

Bakı. Trend:

Son dövrlərdə bütün dünya xalqlarının davamlı inkişaf üçün
müəyyən çətinliklər yaradan iqlim dəyişikliyi problemi, eyni
zamanda, planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir.
Xüsusilə dördüncü sənaye inqilabının gətirdiyi dəyişikliklər
nəticəsində böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə
iqlim dəyişikliyi özünü ciddi şəkildə büruzə verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev
deyib.

O bildirib ki, beynəlxalq platformalarda müxtəlif mövzuların
müzakirələrini təşkil edən beyin mərkəzlərinin idarəediciləri
kifayət qədər gözəl başa düşürlər ki, doğrudan da, bu qəbildən olan
məsələlərin həllini daha yaxşı, səmərəli təşkil etmək üçün yeganə
mexanizm sağlam dialoqun təşviqidir.

“Bu baxımdan, belə qlobal siyasi problemlərin həllində
eko-dialoqun aparılması, bu işin daha da təkmilləşdirilməsi iqlim
dəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunur.
Beləliklə, 1992-ci ildə dünya dövlətləri tərəfindən qəbul olunmuş
Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə
Konvensiyasından irəli gələn işlərdə daha fəal tədbirlərin həyata
keçirilməsi üçün dövlət və hökumət başçıları, siyasətçilər,
parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər,
ekoloqiya sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər iqlim
dəyişikliyi ilə mübarizə naminə davamlı və qeyri-rəsmi dialoq
yaradaraq, ilk dəfə 2-4 aprel 2010-cu il tarixlərində Almaniya
Federasiyasının Berlin şəhərində “1-ci Petersberq İqlim Dialoqu”
çərçivəsində toplanıblar.

Bu il 26 aprel tarixində keçirilən növbəti, “15-ci Petersberq
İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimi
Azərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə
iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə
atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim
etməsinə imkan verdi.

Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək
Prezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan
ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında
əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası,
habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi
vurğuladı.

Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün
əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə
olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi,
Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün
şərait yaradacaqdır:

“Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid
ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək
üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd
qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək
imkanını yaradacaq”.

Ümumiyyətlə, yaşıl keçid üzrə icra edilən meqa layihələr
çərçivəsində Azərbaycanın 2027-ci ilin sonuna qədər 2000 meqavat
günəş və yaşıl enerji imkanlarına nail olması, doqquz elektrik
enerjisi stansiyası, 2030-cu ilə qədər isə əlavə 5000 meqavat
gücündə 10 günəş, külək enerjisi stansiyalarının istismara
verilməsi ilə bağlı qarşıya qoyulmuş hədəflər, imzalanmış
beynəlxalq müqavilələr mövcud alternativ enerji ehtiyatlarımızın,
eləcə də malik olduğumuz potensialın bariz göstəricidir”, – deyə
deputat bildirb.

O qeyd edib ki, eyni zamanda, Almaniyaya səfər çərçivəsində
Prezident İlham Əliyevin Almaniyanın Federal Kansleri Olaf Şoltsla
ikitərəfli və geniş tərkibdə görüşü, hər iki ölkə liderinin birgə
mətbuat konfransı keçirməsi ölkəmizin Almaniya, o cümlədən Avropa
İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və iqtisadi
inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş
etdirdi.

“Fəxarətlə deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nə
imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan
bu gün dördüncü sənaye inqilabının baş verdiyi bir dövrdə özünün
energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat
siyasətinə transformasiya edir, dünyada enerji təhlükəsizliyinin
təmin edilməsində yaxından iştirak edir.

Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın hər bir
platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və
insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini
diqqətə çatdırır. Bu isə, öz növbəsində, Azərbaycanın həyata
keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin
hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni
zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz
nümunəsidir”, – deyə o lavə edib.