Bakı. Trend:
Prezident İlham Əliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2
yeni müavin təyin edib.
Trend xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları ilə
Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavinləri təyin olunublar.
Qeyd edək ki, Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan
olub.

O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində
hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə
Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr
təhsili alıb.
Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci
illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının
Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və
hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə
çalışıb.
2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.
Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub.

O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad
Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə
təhsil alıb.
Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər
Assosiasiyasının (Association of Chartered Certified Accountants,
ACCA) üzvüdür.
Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında
başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci
ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində
işləyib.
Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müşaviri olub.




























