
Bakı. Trend:
Dünən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac
kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi
sursatın partlaması nəticəsində iki nəfər həlak olub.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında Minalar Əleyhinə
Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov
bildirib ki, baş vermiş hadisə onu göstərir ki, mina və partlamamış
sursatlara tək işğaldan azad edilmiş ərazilərimizdə deyil,
Ermənistanla sərhəd olan ərazilərimizdə də rast gəlinir.
“Naxçıvanda həlak olan vətəndaşlarımız Birinci Qarabağ
Müharibəsindən qalan partlamamış sursatların qurbanı olub. Bizim
təşkilat ötən il Naxçıvan Muxtar Respublikası ərazisində mina və
partlamamış hərbi sursatlara dair monitorinq keçirdi. Monitorinqlər
Ermənistan və İranla həmsərhəd bölgələrdə aparıldı.
Monitorinqlər zamanı müəyyən olundu ki, Ermənistanla sərhəddə
minalar və partlamamış sursatlar var. İran və Türkiyə ilə sərhəddə
isə bu təhlükələr yoxdur. Cəbhəyanı ərazilərdə görüşlər keçirdik,
maarifləndirmə işləri apardıq. Naxçıvanda axırıncı mina partlayışı
hadisəsi 2021-ci il Şərur rayonunda baş verib”.
H.Səfixanov bildirib ki, düşmən qadağan olunmuş üsullardan
istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart,
norma gözləməyib və əraziləri çox ciddi şəkildə minalayıb.
“Azad edilmiş ərazilərdə yaşayan, quruculuq işlərində iştirak
edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş,
təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş
zolaqlardan çıxmamağa çağırırıq. Bundan başqa, ərazilərə
qeyri-qanuni yollarla da ərazilərə keçmək istəyənlər olur. Bununla
onlar öz həyatlarını təhlükəyə atırlar. Vətəndaşlar mina və
partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar
gördükdə mütləq müvafiq orqanlara müraciət etsinlər”, – deyə o qeyd
edib.
Qeyd edək ki, 2020-ci il 10 noyabrdan – 27 aprel 2024-cü ilə
qədər 356 nəfər minadan zərər çəkib. Onlardan 65 nəfər həlak olub,
291 nəfəri xəsarət alıb.





























