
Bakı. Trend:
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın
Bankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri
başa çatıb. Azərbaycan Banklar Assosiasiyası və ABŞ-Azərbaycan
Ticarət Palatası tərəfindən təşkil edilən səfərdə Unibank İdarə
Heyətinin sədri Fərid Abuşov da iştirak edib.
Unibank sədri müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yə
edilən ilk geniştərkibli işgüzar səfərin yüksək əhəmiyyət
daşıdığını bildirib:“Bu hadisə Azərbaycan-ABŞ arasında bank
əlaqələrinin inkişafında mühüm mərhələ oldu. Səfərin əsas məqsədi
bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək,
iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında
əməkdaşlığın inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfər
çox məhsuldar keçdi. Müxtəlif mövzularda təqdimatlar edildi, bank
sektoruna dair müasir həllər, biznes, maliyyə, bank sektoru ilə
bağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə iki
ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha da
möhkəmləndirilməsi məsələlərinə xüsusilə toxunuldu”.
Azərbaycanın Bankçılıq Missiyasının ABŞ səfəri çərçivəsində ABŞ
Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə
qurumlarında görüşlər keçirilib. Səfər müddətində ABŞ Beynəlxalq
İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında görüş olub,
eləcə də “Exim Bank” və “Bank of New York Mellon” (BNY Mellon) kimi
nüfuzlu qurumlarla keçirilən görüşlərdə əməkdaşlıq imkanları
müzakirə olunub.
Görüşlərdə bank sektorundakı qlobal trendlərə, müasir
çağırışlara xüsusi diqqət yetirilib. Mövcud imkanlar, böyük
layihələrin birgə maliyyələşməsi imkanları, süni intellektin bank
əməliyyatlarında tətbiqi və digər mövzularda müzakirələr
aparılıb.



























