
Ər-Riyad. Trend:
Türkiyə və İslam İnkişaf Bankı (İİB) Qrupu “Türkiyədə Davamlı və
İnklüziv İnkişafın Dəstəklənməsi” adlı yeni İşəgötürmə Çərçivəsini
(CEF) istifadəyə verib.
Trend bu barədə bazar ertəsi
xəbər verir.
Mərasim Ər-Riyadda İİB Qrupunun sədri Məhəmməd Əl-Cəsser və
Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşəkin iştirakı ilə
keçirilən illik İİB qrup toplantıları çərçivəsində baş tutub.
CEF İİB Qrupunun missiyasına və yenidən işlənmiş strategiyasına
tam uyğun gələn üç illik plandır (2024-2026).
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.
2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi
inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks
etdirir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.
Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.
(Tərcümə: Gülnarə Kərimova)

























