Advertisement

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Bakı. Trend:

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror
aktının növbəti ildönümüdür.

Trend xəbər verir ki, terror hadisəsindən 15 il ötür.

2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət
Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci
mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli
tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və
tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı
nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin,
ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər.
Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar
özünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü
Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət
vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu
və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş,
2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli
cəzalarını alıb.

2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət
Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak
olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi
yardım göstərilməsi barədə” sərəncam imzalayıb. Həmin sərəncama
əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət
alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi
yardım edilib.

Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra
tədbirlər həyata keçirilib. Universitetin terror aktının
törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının
xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və
universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi
yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü
müxtəlif tədbirlərlə qeyd olunur.

Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün
bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya
birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam
düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri
həyata keçirilməlidir.