Advertisement

Rabitəbank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb (FOTO)

Bakı. Trend:

“Rabitəbank” ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası
ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Müqaviləni Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov və
Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam
Korporasiyasının (ITFC) Baş icraçı direktoru, eləcə də Özəl
Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD – İslam İnkişaf
Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən
Hani Salem Sonbol imzalayıblar.

Tərəflər ölkə iqtisadiyyatının inkişafı istiqamətində IsDB ilə
əməkdaşlığı, Azərbaycanda ticarətin maliyyələşdirilməsini, kiçik və
orta biznesə (KOB) dəstək imkanlarının genişləndirilməsini müzakirə
ediblər. Eləcə də islam maliyyəsinin tətbiqində Korporasiyanın
roluna diqqət ayıraraq, bu istiqamətdə atılacaq növbəti birgə
addımlara dair fikir mübadiləsi aparılıb. Müqavilə islam maliyyəsi
prinsiplərinə uyğun olaraq kiçik və orta biznesə dəstək olmaqla,
özəl sektorun müştərilərinin müxtəlif ehtiyaclarının qarşılanması
üçün ticarətin maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasını
nəzərdə tutur.

“Biz Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə bu
mühüm sazişi imzalamaqdan və Azərbaycanda iqtisadi artımın
təşviqinə dəstək verməkdən məmnunuq. Bu tərəfdaşlıq Rabitəbankın
kiçik və orta biznesin inkişafını dəstəklədiyinə dair öhdəliyini
vurğulayır. Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək üçün
ticarətin maliyyələşdirilməsi təşəbbüslərini irəli sürmək və özəl
sektor müştərilərimizi gücləndirmək üçün islam maliyyəsi
prinsipləri ilə irəliləməyi hədəfləyirik”, – deyə Aydın Hüseynov
vurğulayıb.

“Rabitəbank” ilə bu əməkdaşlıq Azərbaycanda ticari
maliyyələşdirmə üzrə daimi səylərimizdə konkret addımdır.
Məqsədimiz lazımi maliyyə vasitələri və resursları təqdim etməklə
özəl sektorun, xüsusilə də KOB-un inkişafını stimullaşdırmaqdır. Bu
saziş İslam maliyyəsi prinsiplərinə əsaslanaraq milli
iqtisadiyyatın inkişafına töhfə vermək səylərimizdə mühüm mərhələni
təmsil edir”, – deyə Hani Salem Sonbol deyib.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28
xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet
Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı
Mərkəzi ilə müştərilərin xidmətindədir.