
Bakı. Trend:
Ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik
Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın başçılıq etdiyi nümayəndə
heyəti ilə aprelin 30-da Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsində görüş keçirilib.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir
millət, iki dövlət” kəlamlarının xalqlarımızın milli-mənəvi sərvəti
kimi dəyərləndirildiyini qeyd edib.
Sədr vurğulayıb ki, iki qardaş dövlət arasındakı münasibətlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata
keçirdikləri uğurlu siyasət nəticəsində daim inkişaf edir.
Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və
iqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı
regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə
iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib. Yüksək
səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər daim
güclənir.
Qeyd olunub ki, iki ölkə arasında hüquqi əməkdaşlıq uğurla
inkişaf edir. Bu əməkdaşlığa, o cümlədən məhkəmələr də töhfə verir.
Məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər
ətrafında fikir mübadiləsinin aparılması məhkəmə-hüquq
təsisatlarının praktiki fəaliyyəti üçün çox önəmlidir.
Sədr Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) təsisatı arasında insan hüquqlarının təmin edilməsi
sahəsində işbirliyi haqqında məlumatı qonağın diqqətinə
çatdırıb.
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem
Kılıç qonaqpərvərliyə görə Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayevə minnətdarlığını ifadə edib. Bildirib ki, ölkələrimiz
arasında bütün sahələrdə olan sıx əməkdaşlıq, o cümlədən Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi və Türkiyə İnsan Hüquqları və
Bərabərlik Qurumu arasında da qarşılıqlı dəstək və anlaşma əsasında
uğurla inkişaf edir.
Görüşdə geniş fikir mübadiləsi aparılıb, hüquqi məsələlər
müzakirə olunub.





























