Advertisement

Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlandı

Bakı. Trend:

Sumqayıt şəhəri ərazisində kobud qayda pozuntularına yol verən
sürücülərə qarşı profilaktik tədbir keçirilib.

Trend DİN-ə istinadən xəbər
verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis
Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər
davam etdirilir. Sonuncu tədbir zamanı avtomobili narkotiklərin
təsiri altında idarə edən 2 sürücü – Yusif Cəbrayılov və Həsən
Hüseynov saxlanılıb.

Tibbi müayinə zamanı onların marixuana və metamfetamin qəbul
edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Hər iki sürücü
barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün
məhkəməyə göndərilib.

Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən 3
sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində
qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib
olunub.

Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişikliyə yol
verən, nəqliyyat vasiəsini dövlət qeydiyyat nişanı olmadan idarə
edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də
saxlanılıblar.

Qeyd edilib ki, bu ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin
əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 67,
nəqliyyat vasitəsini narkotik maddələrin təsiri altında idarə edən
27 sürücü aşkar olunub.

Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata
keçiriləcəkdir.