
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da
Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin rəhbər heyəti, “On
iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin
“Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun
prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru
Edvard Rounu qəbul edib.
Trend xəbər verir ki, görüşdə
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda
mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə
verəcəyinə əminlik ifadə olundu. Forumda müxtəlif ölkələrdən çox
sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən
marağın nümunəsi kimi dəyərləndirildi.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa
verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif
mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi
dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.





























