Advertisement

Elan saytlarında saxta məlumatlar yerləşdirərək “beh” alan şəxs ələ keçib

Bakı. Trend:

Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı
vətəndaşlardan “beh” alan dələduz saxlanılıb.

Trend DİN-ə istinadən xəbər
verir ki, elan saytlarında saxta məlumatlar yerləşdirərək
vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh”
qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı
şikayətlər daxil olub.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin
əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini
Həsənov Elman saxlanılıb. Araşdırma zamanı onun elan saytlarında
gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar
düzəltdiyi müəyyən olunub.

E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə
etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları
satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb.
Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan
bank hesab kartlarına köçürüblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Həsənovun
qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə
polisə müraciət edə bilərlər.