Advertisement

Gürcüstanda AİB-in 57-ci illik toplantısı öz işinə başlayıb

Tbilisi. Trend:

Tbilisidə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı
işə başlayıb.

Trend-in müxbiri xəbər verir ki, mayın 2-5-də keçiriləcək 57-ci
illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

Tədbirdə bərpa olunan enerji, rəqəmsal əlaqə, Orta Dəhliz,
maliyyədə davamlılıq, süni intellekt və rəqəmsal transformasiya,
iqlim dəyişikliyinin maliyyələşdirilməsi ilə bağlı məsələlər
müzakirə olunacaq.

Bundan əlavə, “Asiya İnkişaf Siyasəti Hesabatı 2024: Asiyada
Yaşlanma”nın təqdimatı planlaşdırılır.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri və AİB
Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.