Advertisement

Bu gündən sağlamlıq haqqında tibbi arayışlar elektron şəkildə veriləcək

Bakı. Trend:

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar
vətəndaşlara elektron şəkildə təqdim olunacaq.

Trend xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, işə qəbul olunanlar və ali məktəblərə,
kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq
haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim
edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektron
şəkildə təqdim olunacaq.

​Vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli
olduqları proses bunlardır:

Tibb müəssisəsinə ilkin müraciət

Laborator analizlərin verilməsi

Həkim qəbullarından keçmək

​Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən
əldə edilməsi

Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən
müəssisəyə təhvil verilməsi.

​Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq
qeydiyyatdan keçməlidirlər.

​“Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə
sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları
elektron əldə edə biləcəklər.

​Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan
veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların
yoxlayaraq PDF formatı yükləyə biləcəklər.