Advertisement

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə
tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyində (İKTA) bir sıra internet provayderləri ilə görüş
keçirilib.

Trend-in məlumatına görə, giriş sözü ilə çıxış edən İKTA sədri
vəzifəsini icra edən Nail Mərdanov bildirib ki, görüşün məqsədi
Azərbaycanın dünyada internetin sürətinə görə reytinqinin
yüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətində
görüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərinin
azalmasının təmin olunmasıdır.

Natiq bildirib ki, Azərbaycan Respublikasında telekommunikasiya
və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol
Xəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin
internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə,
2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə
çatdırılması hədəf indikatoru olaraq müəyyən edilib.

Beləliklə, bu hədəfə çatmaq məqsədilə operator və provayderlərin
təqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılması
üçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunub
ki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadə
etdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundurlar.
Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTA
ilə təkrar müzakirə edilməsi təklif olunub.

Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri son
zamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin və
infrastruktur qiymətlərinin artırılmasının xərclərin də artmasına
səbəb olduğunu qeyd ediblər.

Sürət artımının qiymət artımına təsir etməsi ehtimalının
obyektiv araşdırılması məqsədilə operator və provayderlər
tərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşması
barədə Agentliyə məlumat verilməsi də müzakirə olunub.

Görüşdə, həmçinin telekommunikasiya şəbəkələrinin
genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsində
dövlət-özəl tərəfdaşlığı alətlərindən istifadə perspektivləri
barədə də danışılıb.

Qarşılıqlı anlaşma şəraitində keçirilən görüşün sonunda
problemlərin aradan qaldırılması məqsədilə bu tipli görüşlər,
seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və
rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və
nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.