Advertisement

Bakıda olarkən gördüm ki, dialoq və sülh nə dərəcə önəmlidir – Gabriela Ramos

Bakı. Trend:

Qarşıya qoyduğumuz məqsədlərə dialoq yolu ilə nail ola
bilərik.

Trend xəbər verir ki, bu barədə UNESCO baş direktorunun Sosial
və Humanitar Elmlər üzrə köməkçisi Gabriela Ramos VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

“Milyonlarla insan çağırışlarla üzləşir. Burada, Bakıda olarkən
gördüm ki, dialoq və sülh nə dərəcə önəmlidir. İnsanlar arasında
parçalanma artır. Dünyada hər 5 adamdan 4-ü ayrı-seçkiliyə məruz
qalır. Bu, beynəlxalq səviyyədə parçalanmaya gətirib çıxarır. Ona
görə dialoq zəruridir. Biz, həmçinin, etimadın çatışmazlığı ilə
üzləşirik.

Bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ev sahibliyi
etdiyi üçün Azərbaycana minnətdarıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.