Advertisement

Türkiyədə daxili reyslərin biletləri bahalaşdı

Bakı. Trend:

Türkiyə hökuməti daxili aviareys biletlərinin qiymətləri üçün
maksimum səviyyəni dəyişib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV yazıb.

Məlumata görə, Türkiyədə daxili aviareyslərin biletlər üzrə
qiymət tavanı sonuncu dəfə ötən ilin avqust ayında yenilənib. O
zaman ölkə rəhbərliyi bir istiqamətdə biletlərin qiymətlərinin 2500
lirəni (həmin dövr üzrə məzənnəyə əsasən təqribən 92,5 dollar)
keçməməsinə diqqət yetirib.

Qeyd olunub ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsi ölkə
daxilində bir istiqamətdə uçuşlar üzrə qiymət tavanını 3250 lirə
olaraq müəyyənləşdirib.

KİV yazır ki, “Turkish Airlines” aviaşirkəti artıq hökumətin
tələblərinə əsasən tariflərinə düzəliş edib. Belə ki, artıq
İstanbuldan Antalyaya uçuş biletinin qiyməti 2500 lirədir. Bu zaman
sərnişin özü ilə əl yükü götürə və 15 kiloqrama qədər baqajı təhvil
verə bilər.

“Pegasus” aviaşirkətinin də analoji tədbir gördüyü qeyd olunub.
Aviaşirkətin daxili aviareyslər üzrə Antalyaya uçuş biletinin
qiyməti də artıq ən azı 2500 lirə təşkil edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun