
Bakı. Trend:
Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət
göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı
olub.
Trend xəbər verir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib.
O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə
mərhələlərlə öz el-obasından deportasiya edilən soydaşlarımız,
Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin
çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə
geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla,
bütün işini bu istiqamətə kökləyib. Televiziyanın yeni istifadəyə
verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün imkanlarla
təchiz olunub.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyəti
sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu
televiziyanın fəaliyyətinə uğurlar diləyərək kanalın Qərbi
Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği
baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Açılışın rəmzi xarakteri olan qırmızı lent kəsildikdən sonra
qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.
Qərbi Azərbaycan Televiziyasının sosial media hesabları
aşağıdakılardır:
1. Youtube: https://www.youtube.com/@QerbiAzerbaycanTV/videos
2. Facebook: https://www.facebook.com/people/Q%C9%99rbi-Az%C9%99rbaycan-TV/100095259673458/
3. İnstagram: https://www.instagram.com/qerbi.aze.tv/
4. Tik-tok: https://www.tiktok.com/@qerbi.aze.tv





























