Advertisement

Qarabağda və Şərqi Zəngəzurdakı tarixi abidələrlə bağlı plenum keçiriləcək

Bakı. Trend:

Mayın 24-25-də Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqının
İdarə Heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin
qorunub saxlanması problemləri” mövzusunda yaz plenumu
keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Memarlar İttifaqından
bildirilib.

Plenumun işində Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti
üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Şərqi
Zəngəzurda və Qarabağda təyin olunmuş xüsusi nümayəndələrinin, Şuşa
şəhəri Dövlət Qoruğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğunun nümayəndələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət, habelə Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutlarının əməkdaşlarının iştirakı nəzərdə
tutulub.

Plenumda mövzu ətrafında məruzələr dinləniləcək və müzakirələr
aparılacaq, böyük zəfərimizdən sonrakı 3 il ərzində işğaldan azad
edilmiş ərazilərdə bərpa edilmiş tarixi-memarlıq abidələrini əks
etdirən sərgi nümayiş olunacaq. Sonda plenumda dinlənilən məsələlər
üzrə qətnamə qəbul ediləcək.