
Bakı. Trend:
Bu gün xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə
səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə
Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli
Komissiyalarının rəhbərləri ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində
əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə
olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı
Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o
cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz
tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən
əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb.
Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə
əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan
aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi
ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi
istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı
məlumatlandıran nazir Ceyhun Bayramov, iqlim məsələləri ilə bağlı
maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın
vacibliyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə normallaşma,
sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz
qalmış mədəni irsin bərpası səylərindən bəhs edib.
Nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasət prioritetləri,
bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını
məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları
cavablandırılıb.





























