Advertisement

Sənaye şəhərlərində infrastruktur layihələrinin icrasında qabaqcıl texnologiyalar tətbiq edilir – Muxtar Babayev

Bakı. Trend:

Azərbaycanda sənaye şəhərlərində infrastruktur layihələrinin
icrasında qabaqcıl texnologiyalar tətbiq edilir, iri sənaye
müəssisələrdə modernləşdirmə işləri aparılır.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev Bakıda keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə
davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda
panel müzakirələri zaman deyib.

O qeyd edib ki, nəqliyyat sektorundan emissiyaların azaldılması
üçün ölkənin avtomobil parkının yenilənməsi və ekoloji cəhətdən
təmiz avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində
tədbirlər görülür.

“Elektrik və hibrid mühərriki ilə çalışan avtomobillər üçün
güzəştlər, nəqliyyat vasitələrinin idxalına istehsal tarixindən
asılı olaraq differensial yanaşma tətbiq edilir”, – deyə o əlavə
edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.