
Bakı. Trend:
Cənubi Qafqaz elə bir dövlətdir ki, burada müxtəlif dindən və
mədəniyyətdən olan insanlar yaşayır.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin
müavini və mədəniyyət naziri Thea Tsulukiani VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “
Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə
mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda keçirilən
Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.
“Biz inanırıq ki, hər bir ölkəyə öz dəyər və mədəniyyətlərini
nümayiş etdirmək imkanı verilər. Biz inklüziv Avropa cəmiyyətinin
bir hissəsi olmaq istəyirik. Mədəni müxtəliflik sahəsində
Gürcüstanda sənədlər hazırlanıb və qəbul edilib. Bu sənədlər mədəni
müxtəliflik üçün müvafiq mühit yaradılmasına fayda verəcək.
Biz Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksək
qiymətləndirir və hər beynəlxalq tədbirdə bunu vurğulayırıq. Biz
Azərbaycanla böyük şərəf hissi ilə əməkdaşlıq edirik”,- deyə nazir
bildirib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.





























