
Bakı. Trend:
2025-ci ildə 3-cü MDB oyunlarının keçirilməsi
planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə MDB baş katibinin müavini
Trefilov Denis Anatolieviç VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu çərçivəsində keçirilən “ Müxtəliflik harmoniyası: qlobal
mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”
mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı
deyib.
“Azərbaycanın ev sahibi olması gözlənilir. Bir daha vurğulamaq
istərdim ki, prioritet məsələlərdən biri MDB ölkələri arasında
münasibətlərin inkişafıdır. Biz qanunverici çərçivəni də daim
yeniləməyə çalışırıq ki, MDB ölkələri arasında əməkdaşlıq
yenilənsin. MDB 32 il ərzinə uzun yol keçib. Mədəni dialoqda yüksək
effektivlik müşahidə olunur”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.





























