
Bakı. Trend:
AFFA-nın vitse-prezidenti və Beynəlxalq Əlaqələr Şöbəsinin
müdiri Könül Mehtiyeva AVRO-2024-ə təyinat alıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti
açıqlayıb.
O, bu il Almaniyada keçiriləcək Avropa çempionatının final
mərhələsinə UEFA tərəfindən təyin edilib. Bununla ilk dəfə
Azərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iştirak
edəcək.
Mehtiyeva iyunun 17-dən iyulun 1-dək AVRO-2024-ün Frankfurtda
təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq. O, qrup
mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də
Danimarka – İngiltərə, 23-də İsveçrə – Almaniya, 26-da Slovakiya –
Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına
nəzarət edəcək.
Qeyd edək ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi
oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun
rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə
ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı
təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra
stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və
təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.





























